"Elə Xalq artistləri var ki, səhnədə olduqlarına görə utanıram"

"Elə Xalq artistləri var ki, səhnədə olduqlarına görə utanıram"
1122 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xaricdə aktyor hansısa filmdə çəkilirsə, bu, xüsusən baş roldursa, həmin aktyora böyük məbləğdə vəsait verilir. Bütün ağır rollara dublyorsuz, kaskadyorsuz çəkilirsə və buna görə kifayət qədər artıq pul alırsa, bu təbii ki, aktyoru yaşadır. Üstəlik həmin film şöhrət qazanırsa, bu onun yeni bir zirvəsi hesab edilir. Yəni, onlar illərlə gözləmir. Kiminsə illərlə gözlədiyini bir neçə aya, yaxud bir neçə günə əldə edirlər".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Report"a müsahibəsində deyib. Sənətçi bəzi incəsənət adamlarının diqqətdən kənar qalmasına belə münasibət bildirib:

"Bizdə qayğı korifeylərə göstərilir. Bunun üçün Prezident mükafatı, Prezident təqaüdü, əmək pensiyaları və s. var. Bilirsiniz, bunlarla aktyor, sənət adamı çox xoşbəxt olur. Mən bir şeyi vurğulamaq istəyirəm ki, hər kəs öz yerini tanımalıdır. Mən sadaladığım mükafatları istəyən aktyorlarda da günah görmürəm. Çünki bizim indi elə Xalq artistlərimiz, elə Prezident təqaüdçülərimiz var ki, mən şəxsən utanıram ki, o adam səhnədədir. İstər cəmiyyətdə özünü aparmağı, istər dünyagörüşü, istərsə də danışıq qabiliyyətindən adam xəcalət çəkir. Mən doğrudan da xəcalət çəkirəm və deyirəm ki, bəs bütün bunları istəyən ortayaşlı, yaxud yaşlılar neyləsin?! Belə adamları görüb onlar da istəyir. Düşünür ki, onda var məndə niyə olmasın? Aktyor yaşa dolduqca səhnədən getmək istəmir. İstəyir ki, o həmişə diqqət mərkəzində olsun".

Qeyd edək ki, Afaq Bəşirqızının bu gün 67 yaşı tamam olur.