Daha dörd şəhidimiz son mənzilə yola salındı - Fotolar

Daha dörd şəhidimiz son mənzilə yola salındı - Fotolar
906 dəfə oxunub
  • A-
  • A
  • A+

Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimiz dəfn olunub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, şəhid Hüseynov Ziyarət Mayıl oğlu doğulduğu Biləsuvar rayonunun Amankənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

1994-cü il təvəllüdlü, şəhid Ziyarət Hüseynov Xüsusi Təyinatlı Qüvvələrin sıralarında gizir kimi xidmət edib. O, ailəli idi, 2 yaşlı oğlu var idi.

Şəhid gizir İmamverdiyev Asiman Mehman oğlu Gəncədə dəfn edilib.

Azərbaycan ordusunun hərbi qulluqçusu, gizir, 1988-ci il təvəllüdü İ.Asiman ilə yaşadığı evdə vida mərasimi baş tutub.

Sonra şəhid Gəncənin Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

İki bacının bir qardaşı olan A.İmamverdiyev ailəli idi, bir qız, bir oğul övladı var.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Əliyev Üzeyir isə Göygöldə dəfn edilib.

1993-cü il təvəllüdlü Ü.Əliyevlə Gəncənin Qızıl qaya qəsəbəsində yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra 29 yaşlı şəhid Göygöl rayon Şəhidlər xiyabanında dəfin edilib.

Müddətdən artıq hərbi qulluqçu olan Üzeyir Əliyev Kəlbəcər istiqamətində şəhid olub. Ü.Əliyev subay olub.

Şəhid baş gizir Elnur Rüstəmov isə Xaçmazda dəfn olunub. O, rayonun Əbilyatağı kəndində torpağa tapşırılıb.