“İpək Yolu dürdanəsi” kinofestivalında ölkəmiz də təmsil olunur

“İpək Yolu dürdanəsi” kinofestivalında ölkəmiz də təmsil olunur
183 dəfə oxunub
  • A-
  • A
  • A+

Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalının təntənəli açılış mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, 1968-ci ildən keçirilən beynəlxalq festival ötən il Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yenidən bərpa olunub.

Dünyanın 35 ölkəsindən gələn 300-dən artıq kinematoqrafçı, rejissorlar, tanınmış artistlər, kino sahəsinin mütəxəssisləri kinofestivalda iştirak edirlər.

Əvvəlcə iştirakçılar, festivalın fəxri qonaqları qırmızı xalıdan keçərək, mətbuat nümayəndələri ilə görüşüblər.

Tədbirin əvvəlində Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov dövlət başçısı Şavkat Mirziyoyevin festival iştirakçılarına təbrik məktubunu oxuyub.

Ölkəmizi bu kino bayramında “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev, rejissor və kinoşünas Ayaz Salayev, rejissor və prodüserlər Oleq Səfərəliyev, Asif Rüstəmov, İlqar Nəcəf, Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova təmsil edir. Festivalda Azərbaycandan Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdiriləcək.

Açılış mərasimində bildirilib ki, kinofestival çərçivəsində dünyanın müxtəlif ölkələrinin 150 bədii və sənədli filmi nümayiş olunacaq. Daşkənddə və Özbəkistanın regionlarında 100-dən çox yaradıcılıq tədbirlərinin, müzakirə və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Daşkənddəki Kinematoqrafiya evində 1500-dən artıq gənc kinematoqrafçıları birləşdirən kinoklaster yaradılıb və istedadlı gənclər bu istiqamətdə biliklərə yiyələnirlər.

Qeyd edək ki, “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinin açılışı da keçiriləcək.