Bu gün Azərbaycan xalqı Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Axşam.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi, professor-müəllim heyəti də bu haqq savaşında iştirak edərək müqəddəs həkim peşələrini yerinə yetirərkən qəhrəmancasına həlak olan şəhid məzunların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.
ATU kollektivi abidənin önünə təzə gül dəstələri, əklil qoyaraq şəhidlərimizi yad ediblər, onlara Allahdan rəhmət diləyiblər. Sonra mərasim iştirakçıları ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Bu gün Anım günü ilə əlaqədar olaraq saat 12:00-da ATU-nun bütün tədris binalarında, auditoriyalarda, mühazirələr və məşğələlərdə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Universitet üzrə keçirilən dərslərdə də Vətən müharibəsi ilə bağlı müzakirələr aparılıb, şəhidlərimizin ruhu yad edilib.