Müğənni Rəhim Rəhimlinin gecə saatlarında ürəktutmadan vəfat etməsinin ardından sənət dostları və tanınmışlar onunla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, Xalq artisti Flora Kərimova R.Rəhimli ilə bağlı xatirələrini bu sözlərlə bölüşüb:
"Sənin istedadın, fərqliliyin insanlığın idi. Uşaq məsumiyyətinlə ilk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm…
Bu mahnını da oxumağımı istəmişdin. Düşən son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgili ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm! Allah sənə rəhmət eləsin, Rəhim! Məkanın behişt olsun!".
Xalq artisti Faiq Ağayev R.Rəhimlinin bəstəsi olan və bir yerdə ifa etdikləri “Zəhər” mahnısının arxiv görüntülərini paylaşıb.
R.Rəhimli ilə arxiv videolarını paylaşanlardan biri də Xalq artisti Aygün Kazımova olub. O, "Bu eşq burada bitməz, Rəhim, bitməz! Qol-qola, çiyin-çiyinə səhnələr paylaşdığım, yollar keçdiyim, dərdlər bölüşdüyüm dostum! Çox heyif… Bu çox ağır xəbər oldu… Çox arzular yarım qaldı, Rəhim....Allah sənə rəhmət eləsin! Sevənlərinin və dostlarının qəlbində əbədi yaşayacaqsan, mənim əziz dostum!" deyə, yazıb.
Müğənni-bəstəkar Murad Arif sənətçi ilə son yazışmasını izləyiciləri ilə bölüşərək "Görə bilmədim səni, dostum... Son yazdığı..." deyə, yazıb.

Rəqqasə-aktrisa Oksana Rəsulova da R.Rəhimli ilə bağlı xatirələrini arxiv görüntüləri vasitəsi ilə paylaşıb. O, "Hamıdan uzağlaşmışdı, çox az adamlarla əlaqə saxlamışdı… Heç vaxt düşünməzdim ki, mən sənin haqqında bu sözləri yazacağam, Rəhim. Axı tez getdin, dostum..." deyə, yazıb.
Müğənni Xatun Əliyeva həmkarının vaxtsız vəfatını bu sözlərlə ifadə edib:
“Gecə-gecə bu qara xəbər məni məhv etdi. Bütün bədənim əsir, donub qalmışam, çox pisəm. Ay Rəhim, sən elə yaxşı adam idin. Sənin vaxtsız gedişin, bu acı taleyin inan ki, dərdimi təzələdi. Bir təsəllim odur ki, cümə günündə vəfat edənlər sorğu-sualsız olarmış. İnşallah, Rəbbim sənin o dünyanı versin!”
İfaçı Elnarə Xəlilova da R.Rəhimli ilə sonuncu yazışmasını izləyiciləri ilə bölüşərək, “Can ay Rəhim… Bir həftə öncə danışmışdıq səninlə. Planlar, xəyallar qurduq, əcəl imkan vermədi… Heyif səndən. Yerin çox görünəcək…” sözlərini qeyd edib.

Müğənni Elnur Məmmədov “Rəhim Rəhimli, ən son gördüyümdə kövrəltdin məni. Mənə çox xoş sözlər dedin. Sən çox gözəl ürəyə sahib bir insan, dürüst, düzgün biri kimi tanıdım və elə də xatırlayacağam. Allah sənə rəhmət eləsin! Bu xəbərin məni sarsıtdı” sözləri ilə kədərini ifadə edib.
Müğənni Əkbər Əliyev isə Rəhim Rəhimli haqqında "Sənətimin ilk bəstəkarı" sözləri işlətməklə kifayətlənib.
Aparıcı Lamiyə Ələkbərova tələbəlik illərindən sənətçi ilə aralarında yaranan dostluqdan yazıb:
“Mənim tələbə yoldaşım, qəşəng dostum, sənətkar dostum, istedadlı bəstəkar dostum, bu nə gediş? Bu nə yarımçıq qalan arzular, qismət, tale? Heyif səndən, ay Rəhim. 1994-cu ildən səninlə Konservatoriyadan - ilk dərsdən, tələbəlik illərindən dostluq edirdik. Sən çox yaxşı insan idin. Allah sənə rəhmət eləsin, ömrü qısa, sənəti zəngin olan sənətkar dostum!".
Müğənni Lətifə Soyuöz isə karyerasında ona dəstək olan Rəhimə təşəkkür edib:
"Əziz Rəhim, çox təşəkkür edirəm ki, mənim əsas ekran işlərimin birində ("Məhkəmə") zamanını xərcləyib əsas rolda çıxış etdin. Gənc yaşlarımda mənim istedadıma inandığın üçün, ən əsas dostluğun üçün təşəkkür edirəm… Məkanın cənnət olsun, Azərbaycan estrada musiqi tarixinin önəmli, unudulmaz ismi, Rəhim Rəhimli".
Həmkarı Ramil Nabran “Basdalama damarımı” mahnısında duet ortağını bu sözlərlə yad edib:
“Kimindir ki bu dünya? Nə sənin, nə mənim, nə də başqasının... Səhəri bu xəbərlə oyanmaq və bu xəbərin real olduğuna inanmaq çox çətindir. Azərbaycanda musiqi və estrada sahəsində böyük işlər görmüş, bir zamanlar isə MTV kanalını brend hala gətirən, dahi sənətçi və dostum Rəhim, Allah sənə rəhmət eləsin! Fanidir bu dünya. Nə dostundu, nə də düşmənin...”.
Məşhurların Rəhim Rəhimli ilə bağlı digər paylaşımlarını təqdim edirik: