Rusiyanın Xalq artisti Anna Netrebkonun ana olmağa hazırlaşdığı iddia edilib.
Axşam.az xəbər verir ki, iddialara səbəb pərəstişkarlarının ona yazdığı şərhlər olub. Belə ki, izləyicilər onun bədən quruluşunun dəyişdiyini, kökəldiyini yazıblar. Anna isə şərhləri cavabsız qoyub.
Rus mediası da Annanın hamilə olduğu haqda xəbər yayımlayıb. 51 yaşlı Netrebko sualları cavablandırmasa da, onun Rusiyadakı meneceri Vladislav Monastırski Woman.ru-ya açıqlama verib.
"No, comment! (şərhsiz - red.) Anna bununla bağlı suallara iki ingilis sözü ilə cavab verməyimi istədi. Ona görə də heç nə deyə bilmərəm. Lazım olan hər şeyi sosial şəbəkələrdə özü deyəcək. Orada onu izləyən çox adam var və o, uyğun gördüyünü orada danışır" deyə, o, bildirib.
Qeyd edək ki, Anna Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəlidir. Opera ifaçısının ilk evlilikdən bir oğul övladı var. Yusif Eyvazov müsahibələrinin birində onların ortaq övladlarının olmamasının səbəbini açıqlamış və "Bizimlə hər şey çox gözəldir, amma bizim genetik səviyyəmiz uyğun gəlmir. Ayrı-ayrılıqda uşaq sahibi ola bilərik, amma birlikdə deyil. Hər şeyi tamamilə sınadıq - alınmadı" sözlərini söyləmişdi.