Parisdə 1 gün - Fotoreportaj

Parisdə 1 gün - Fotoreportaj
2699 dəfə oxunub
  • A-
  • A
  • A+

Avropa səfərim zamanı birgünlük Fransanı görməyi planlaşdırdım. Düşündüm ki, Parisdə görə biləcəyim çox az yer var. Bunun başında isə məşhur Eyfel qülləsi dayanır.

Mənim Paris sevgim "Emili in Paris" filmindən başlamışdı. Parisə İtaliyadan avtobusla getdim. Bilet 68 dollardır. Axşam saat 7-də yola çıxır, səhər 5-də çatır. Yolboyu görəcəyiniz mənzərə bu avtobus səfərinə dəyər.

Yolboyu Alp dağlarının mənzərəsinə baxmaqdan yuxu yata bilməmişdim. Parisdə bir neçə saatlıq dincələ biləcəyiniz və əşyalarınızı qoya biləcəyiniz otel tuta bilərsiniz.

Mən də baqajımı qoyub, dincəlib saat 8-də yola düşdüm. Bir günlük ictimai nəqliyyat üçün bilet ala bilərsiniz. Cəmi 7 avrodur. Metroya düşüb bir xəritə götürüb Parisi kəşf etməyə yollandım. İlk dayanacağım "Arc de triomphe" oldu.

Zəfər tağını izləyəndən sonra isə məşhur Eyfeli tapmağa çalışdım. İnsanlar ingilis dilində çox az danışırlar. Amma bir söz soruşanda sənə gedəcəyin yeri izah etməyə çalışırlar.

Beləcə, Eyfelə gedəcəyim avtobusu və neçə dayanacaqdan sonra düşə biləcəyimi öyrənib yoluma davam etdim. Və dünyanın ən romantiq şəhərində məşhur Eyfelin yanındayam. Eyfelə gəlmişkən ən hündür mərtəbəsinə çıxmamaq olmaz. Bilet qiymətləri müxtəlifdir. Ən yüksək mərtəbə isə 27 avrodur. 

Bütün Parisi izləmək üçün ən gözəl yer buradır. Lift 3 dəfə dayanır. Hər mərtəbədə fərqli nələrsə görəcəksiniz.

Ən yüksək yerdə isə bütün Paris ayağınızın altında olacaq. Şəkillər çəkdirib, Eyfelin ətrafını dolaşdıqdan sonra yolum növbəti məşhur məkanı görməyədir. 

Növbəti dayanacağım isə Luvr muzeyi idi. Dünyanın ən məşhur əsəri Mona Lizanın saxlanıldığı bu muzeyə girmək şansım olmadı. Növbədən içəri keçməyə çox vaxt lazım idi.

Həm də muzeyin içərisində bu əsəri görmək üçün növbə olduğunu eşitdim. Buna görə də Luvr muzeyinin ətrafını gəzdikdən sonra Noterdam kilsəsinə yollandım.

Yanğından sonra kilsədə gedən təmir işləri hələ də davam edir. Hasara alınmış ərazidə insan axını var idi. Kilsənin içərisini görə bilməsələr də, turistlər ətrafında gəzməyi belə kifayət bilirdilər. 

Daha sonra Parisi ikiyə ayıran Sena çayının ətrafında dolaşdım. Bir-birindən maraqlı binalar, üstü güllərlə bəzədilən tikililər...

İstəsəniz Sena çayında qayıqla gəzintiyə də çıxa bilərsiniz.

Ətrafda kiçik kafelər, saatın neçə olmasına baxmayaraq içərisində şampan olan bir badəni qarşısına qoyub, əyləşən insanlar...  

Bir az da Paris küçələrini gəzməklə Fransa səfərimi yekunlaşdırmalı oluram. Çünki mənim digər bir ölkəyə uçuşum var idi.

Zəhra Əhmədova