Duzun yodlaşdırılması niyə vacibdir?

Duzun yodlaşdırılması niyə vacibdir?
877 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan ərazisi dünyanın endemik zonalarından hesab olunur. Bu səbəbdən də ölkəmizdə insanlar arasında qalxanabənzər vəzlə bağlı, hormonal mənşəli sonsuzluq və s. xəstəliklərə, eləcə də uşaqlarda boy artımı, böyümə və inkişaf geriliyi kimi problemlərə tez-tez rast gəlinir. Bəs yod çatışmazlığının səbəb olduğu bu cür xəstəliklərin qarşısının alınması üçün hansı profilaktik tədbirlər görülür?

Axşam.az xəbər verir ki, bu sualı Azərbaycan Tibb Universitetinin II Daxili xəstəliklər kafedrasının dosenti, Tədris Terapevtik Klinikanın Endokrinologiya şöbəsinin müdiri Səbinə Məşədiyeva cavab verib. Onun “Təbib” qəzetinə verdiyi açıqlamaya görə, yod çatışmazlığı dünyada ciddi problemlərdən biri hesab olunur:

“Ölkəmizdə də yod çatışmazlığı problemi mövcuddur. Problemin aktuallığı nəzərə alınaraq, dövlətimiz tərəfindən 2001-ci il dekabrın 27-də “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu və sonralar müvafiq Dövlət proqramları qəbul edilib. Bununla kifayətlənilməyib, daha təsirli tədbirlər həyata keçirilib. Belə ki, 2003-cü ilin yanvarından etibarən ölkəmizdə yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və idxalı mövcud qanunvericiliklə qadağan olunub. Hazırda ölkəmizdə duzlar yodlaşdırılmış şəkildə satışa çıxarılır”.

Şöbə müdiri bildirib ki, hələ sovetlər dövründə də endemik zonalarda yodlaşdırılmış un və duz paylanılırmış:

“Amma ölkəmiz 1991-ci ildə müstəqillik qazandıqdan sonra 2001-ci ildə qanun qüvvəyə minənədək bu məsələdə bir boşluq yarandı. Problem bir növ nəzarətsiz qaldı. 1990-cı illərin sonlarında ölkəmizdə suyun, havanın müayinəsini aparmaq üçün Yunanıstandan ekspertlər gəlmişdilər. Nəticələrdən məlum olmuşdu ki, Azərbaycanın böyük hissəsi endemik zonaya aiddir. Doğrudur, dünyada Tibet, And, Alp dağları əraziləri kimi ağır endemik zonalar mövcuddur. Bizdə isə ağır endemik zonalar Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Quba, Qusar, Ordubad, Daşkəsən, Gədəbəy və ölkəmizin cənub bölgəsi hesab olunur”.

Dosent, rəhbərlik etdiyi şöbəyə müraciət edən xəstələrdən və daha çox rast gəlinən xəstəliklərdən də söhbət açıb:

“2000-ci illərdən etibarən profilaktik tədbirlər görüldüyündən, hazırda əvvəllər geniş yayılmış düyünlü, 3, 4, 5-ci dərəcəli urlara az rast gəlinir. Hazırda bu cür ağırlaşmaların qarşısı alınıb. Şöbəmizə endokrin, şəkərli diabet, hipotireoz, toksiki ur xəstələri müraciət edir.

Yod çatışmazlığı zamanı insanlarda qalxanabənzər vəzin funksiyası pozula bilər. Anadangəlmə və ya uşaqlıq dövründə rast gəlinən qalxanabənzər vəzin funksiyasının azalması hipotireoza gətirib çıxarır. Bu zaman orqanizmdə maddələr mübadiləsi pozulur, boyatma ləngiyir. Eyni zamanda uşaqlarda əmgək gec bitişir, dişlər gec çıxır, psixi problemlər olur. Bu cür qadınlardan dünyaya gələn uşaqlarda psixi və sinir pozğunluqları, əqli və fiziki inkişafdan geri qalma müşahidə olunur”.

Söhbətimizin sonunda S.Məşədiyeva bu cür xəstəliklərlə üzləşməmək üçün gün ərzində böyüklərin 100-150, hamilə qadınların 200-250, 6 yaşadək uşaqların 50, 6-12 yaş uşaqların 80 mikroqram yod qəbul etməli olduqlarını vurğulayıb. Amma autoimmun troid xəstələrə  yoddan istifadə etməməyi məsləhət görüb. Çünki bu xəstəlik zamanı qalxanabənzər vəzdə anticisimlərin sayı artır və hipotireoz təhlükəsi yaranır.