İran əsilli amerikalı aktrisa və müğənni Sepide Moafi "Qızıl Qlobus" film mükafatlarının təqdim etmə marasimindəki geyimi ilə diqqət çəkən simalardan olub.
Axşam.az xəbər verir ki, aktrisa gecədə İranda cərayan edən hadisələrə diqqət çəkib. İranlı-amerikalı rəssam Əmir Tağının dizayn etdiyi libasın üzərindəki qırmızı gülün ləçəklərində molla rejiminin edam etdiyi 4 nəfərin və öldürülmə təhlükəsi altında olanların adları yazılıb. Həmçinin gülün inqilabdan sonra ölkənin çiçəklənəcəyinə, libasın qara rəngi kimi buludların yox olacağına işarə edildiyi bildirilib.
"İstedadlarla dolu masamıza baxdım. Bir neçə masanı da nəzrdən keçirdim Stiven Spilberq, Ancela Bassett və heyran olduğum bir çox simaları görürəm. Bu necə oldu? Bu, illərin zəhmətindən sonra olur. Həyatın və karyeramın çətinliklərinə heç vaxt boyun əymirəm. Heç vaxt özümü aldatmıram ki, oradakı çalışqan, istedadlı və əzmkar olan hər kəsdən daha özələm. Tez-tez özümə sual verirəm ki, niyə mən?
Valideynlərimin yaxın dostları və ailəsi İran İslam Respublikası tərəfindən öldürüldü. O vaxt valideynlərim İranı tərk etməyə məcbur oldular. Türkiyədə və Almaniyada qaçqın düşərgəsində yaşadılar. Mən Almaniyadakı o düşərgələrdən birində anadan olmuşam. Biz nəhayət ABŞ-a gələ bildik və evə bənzəyən, lakin heç vaxt öz evimiz kimi hiss etmədiyimiz mülk tikə bildik.
Özümü layiq olmadığımı hiss etdiyim və ya niyə deyə soruşduğum anlarda anamın səsini eşidirəm: “Səbəbini soruşma, sadəcə təşəkkür et”.
Libasımdakı mesajlara baxın. Sənət müqavimətdir, müqavimət isə sənətdir" deyə, Moafi sosial media hesabında yazıb.