"Olmaz ki, hamımız bahalı maşına minək?" - Serial mübahisəsi

"Olmaz ki, hamımız bahalı maşına minək?" - Serial mübahisəsi
4745 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün "Sabaha saxlamayaq" verilişinin efirində uzun müddətdir gündəmdən düşməyən "Əqrəb mövsümü" və ümumilikdə Azərbaycanda yayımlanan seriallar və reytinqlər barədə söhbət açılıb.

Axşam.az xəbər verir ki, proqramda keyfiyyətli işlə müqayisədə niyə məhz keyfiyyətsiz məhsulun daha çox izlənildiyi müzakirə olunub. 

Məsələyə münasibət bildirənlərdən biri "Soy production"ın rəhbəri Oqtay Əliyev olub. O, sözügedən serialı bəyəndiyini etiraf edib:

"Bu serial deyil, çoxseriaylı filmdir. Serial başqa bir şeydir. Çox yaxşıdır, çəkiliş, məkan mükəmməldir. Bir çox operator və rejissorların arzusudur ki, şəhəri (red. - Bakını) belə görsün. Şəxsən mən görməmişdim. Hiss olunur ki, əməlli-başlı pul da xərclənib və uzun bir müddətdə çəkilib. Serialı hamı bilir ki, bir həftə ərzində 1 seriya çəkilir. Burada problem nədədir. Pisdir, yaxşıdır, damarı tutmaq lazımdır. Üzeyir adlı müğənni var, tapıb da. 100 minlərlə adam baxır. Bilmirəm nədir. Çox mükəmməl işdir. Fakt budur ki, standartlara uyğun iş qoydular ortalığa". 

Aparıcı Rövşanə Ağəsəfqızı məsələyə tənqidi yanaşaraq keyfiyyətli işin reytinq toplamadığını söyləyib. Bundan başqa, o, ekran işlərində rus və digər xarici dillərdə olan ifadələrin işlənməsini qınayıb:

"Bugünkü reytinq gətirən verilişlərə baxın, ağlaşma, gözyaşı, övladını itirən. Dedektiv isə deyə bimərəm ciddi janrdır, sadəcə, xüsusi kütlənin izləyə biləcəyidir. Keyfiyyəli iş görürsünüz, nə olsun, reytinq gəlmir. Mən də çıxıb reytinqli veriliş aparıram, amma gəlir gəlmir. Bilmirəm nə edim, oturub fikirləşirəm ki, gərək Damlanı çağırım. Bir dənə ağlaşma mahnı oxusun. Hər şeyi edirsiniz, baxın, görün reytinq gəlir?! Bir dənə adam çağıraq gəlsin meyxana desin reytinq partladı, sponsor gəlsin. Kəfən ipi keçib boğazımıza, nə bundan qurtula bilirik, nə də kəsib ata. Bazara çevirmişik.

Redaktor işi zəif idi, pinti idi. Bu gün dil mövzusu bizim üçün ağrılı mövzudur. Niyə rus dilindən istifadə etməliyik? Hər şeyin dərəcəsi var. Hamamda hər şeyi çılpaqlığı ilə göstərin, elə olurmu? Bu gün deyirik ki, yetər artıq nitqimiz rus dilindən təmizlənsin. "Uje", "davay" yığışdırılsın. Siz (red - Oqtaya işarə edir) pul, biznes baxımından fikirləşirsiniz. Siz çalışırsınız ki, pul gətirsin".

Rövşanənin bu fikirləri ilə razılaşmayan O.Əliyev məsələyə sərt münasibət bildirib:

"Cinayətkar elə danışa bilər? Başa düşmədim. Bazar pis yerdir? Gedirik bazara məhsulu alıb gətiririk evə. Hansı ki, öz hesabına fəaliyyət göstərir kanallar, onlar bazar deyil. Onlara baxmaq istəməyən başqa kanallara baxsın. Keyfiyyətsiz işə reytinq daha çox gəlir. Reytinq üçün Əli Mirəliyevə "şpaqat aç" deyirdin".

Mövzuya münasibət bildirənlərdən biri də serialda rol alan aktyor Abbas Qəhrəmanov olub. O, kitab oxumayan izləyiciyə istənilən məhsulun təqdim edilə bilinəcəyini vurğulayıb:

"Reytinq mənim işim deyil, prodüserin işidir. İstedadsız işlərə bəzən o qədər baxılır ki. Oxumayan, dünyadan xəbəri olmayan kütlənin gözünün qabağında nəsə fırlanmalıdır. Bu seriallar da ona qulluq edir. Burada da xüsusi istedad lazım deyil. Amma istedalı işi sevirlər, istər serial, istər film. Ac tamaşaçıya nə versən yeyəcək". 

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov "Əqrəb mövsümü" serialının istənilən reytinqi toplamamasına belə münasibət bildirib:

"Prodüserlər üçün filmə yaxın yox, sabun köpüyünə yaxın serial çəkmək asandır. Amma keyfiyyətli işlər var. "Ata ocağı" 5 ildir gedir, onu keyfiyyətli serial sayıram. "İmtahan" 3 mövsüm, 600 seriya, özü də tələbə həyatından bəhs edirdi, orada qayınana-gəlin davası yox idi. Amma reytinq var idi. Ola bilər ki, siz serialı tez satdınız. Bəlkə də 25 seriya olsa idi, daha uğurlu olardı". 

Sözügedən serialın baş rollarından birini ifa edən Azər Aydəmir illərdir formalaşan auditoriyanı artırmaq lazım gəldiyini deyib:

"Əqrəb mövsümü" özəl televiziya kanallarının rəhbərlərinə onu sübut etdi ki, o üstündən xətt çəkdiyimiz Azərbaycan auditoriyası var idi, hansı ki, xaricdə deyildilər, buradadırlar, sadəcə, televizoru antenadan qırıblar, yutub, "Netfilx" üzərindən həyatlarını davam edirlər... Siz 1 milyon insanın içində reklam bazarı qurmusunuz. 20 ildir orada hərlənib-fırlanırıq. Bəlli bir bazarımız var. Siz (red. - Oqtaya işarə edir) istəməzsiniz ki, gəliriniz artsın, 17 yox, 37 min olsun. Camaat bunu sevir, onları zövqsüz adlandırmaq olmaz. Olmaz ki, bunun rəngini duzunu artırasınız, hamımız bahalı maşınlara minək?"

O.Əliyev Azərin iradına cavab olaraq bildirib:

"Duzu-istiotu dəyişmək üçün heç bir kanal, heç bir prodakşın 12 seriyanı 4 ilə çəkib qurtarmır, ona 4 ay vaxt verilir. Və heç birinin arxasında 250 min pul yoxdur". 

Son olaraq serialın baş rol ifaçılarından aktyor Hikmət Rəhimov məsələ ilə bağlı fikirlərini səsləndirib:

"Bir auditoriyanın zövqünü 20-30 il korlayıb,sonra onu qınamaq ki, zamanında pul qazanıb, özünə gün ağlamaq, sonra görmək ki, bu da işə yaramır və qarşı tərəfi qınamaq düz deyil. Bu elə problemdir ki, mənə elə gəlir yaxın vaxtda düzələn deyil".