Əməkdar artist Cavanşir Məmmədovun keçmiş kürəkəni Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib.
Axşam.az xəbər verir ki, o, müğənninin qızı ilə rəsmi evlənmədiklərini deyib:
"Cavanşir Məmmədovun qızı Xatirə ilə rəsmi evlənə bilmədiyim üçün onun kürəkəni sayılmıram. Heç yerdə Cavanşir bəyin qızına həyat yoldaşım deməmişəm. Onunla feysbukda tanış olmuşuq, Türkiyədə idim. Bakıda beş gün qaldım, getdim, qayıdıb gələndə 1 ay qaldım. Anası ilə birlikdə görüşmüşdük, dedi ki, Türkiyədə ev almalısan ki, Cavanşir bəyə münasibətinizi deyə bilək.
Onun etdiklərinə görə, məni sosial şəbəkədə dələduz kimi tanıdılar. Məhkəmə ərəfəsində bəzi sübutlar yox edildi. Haqqımda fərqli kəlmələr söylənildi. Bunların hamısının meydana çıxmasını istəyirəm. İşimizdə pul məsələsi var. Güya ki, Cavanşir bəyin pulunu almışam. Amma mən ondan pul almamışam, qızı alıb. Pulu hara yatırdığımız bəllidir".
Mustafa 300 min dollarının mənimsənildiyini bildirib:
"Mənim 300 min dollara yaxın pulum ortada yoxdur. Mənim vəkilimi belə Cavanşir Məmmədov təhdid etdi. Eyni zamanda ona 15 min manat pul təklif edib. Məhkəmədə bu sübut var idi, amma Cavanşir Məmmədova heç nə deyilmədi".
Aparıcı Lalə Azərtaş Kemalın Xatirəyə verdiyi pulları sadalayıb. O, "Camaat halal arvadına bu qədər pul vermir" sözlərini söyləyib.
Mustafa əlavə edib ki, C.Məmmədovun evində 3 il yaşayıb:
"Cavanşir Məmmədovun evində üç il qeyri-rəsmi yaşamışam. Biz dörd dəfə Türkiyəyə getdik. Nizami metrosu tərəfdə qalır. Üç il yarım orada yaşadım. Orada yaşayan bir çox insan məni tanıyır.
Türkiyəyə 2019-cu ildə getdim. Obyektim vardı, onu satdım, İstanbulda Cavanşir bəyin qızı Xatirə üçün qızıllar aldım. İstanbulda Gebzedə ofisim vardı".
Proqramın gedişatında Cavanşir Məmmədov canlı efirə qoşulub. Müğənni Mustafanın söylədiklərinin əsassız olduğunu və onun ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulduğunu vurğulayıb.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.