Bu gün Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Week”) keçirilib.
Axşam.az xəbər verir ki, tədbir qalmaqalsız ötüşməyib. Gecəyə çox sayda qonaq dəvət olunsa da, onlara yer ayrılmayıb. Qonaqların əksəriyyəti oturmq üçün yer tapmayıb və ayaqüstə saxlanılıb. Bir çoxları isə narazıçılıqlarını bildirərək gecə başlamadan məkanı tərk edib.
Digər bir məqam isə tədbirdə media nümayəndələrinə edilən hörmətsizlik olub. Belə ki, təşkilatçılar jurnalistlər üçün yer ayırmayıb, onlara qapı kənarında ayaqüstə dayanmaq üçün yer göstəriblər.
Jurnalistlər gecənin məsul şəxslərindən olan Gülnarə İmanovaya problemi bildirsələr də, o əhəmiyyət verməyib və daha sonra telefonunu söndürüb. Mədəniyyət nazirliyinin əməkdaşları isə gecə ilə bağlı heç bir məsuliyyət daşımadıqlarını bildiriblər. Baxmayaraq ki, tədbirlə bağlı mətbuata göndərilən məqalədə, eyni zamanda gecədə yer alan reklam çarxlarında gecənin təşkilatçıları arasında Mədəniyyət Nazirliyinin adı yer alıb.