"Ailədə səkkiz uşaq olmuşuq. Kiçik yaşlarında uşaqlardan biri dünyasını dəyişib. Biz yeddi uşaq qaldıq. Atamı tez itirdik və anam bizi tək başına böyütməyə başladı. Məktəbə şəkillərimizi çəkməyə fotoqraf gəlirdi. Amma pul olmurdu ki, verək bizim fotomuzu çəksin (kövrəlir). Demək olar ki, uşaqlıq, məktəb şəkillərim yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Rəngarəng səhər" proqramında deyib. Ailəsindən danışan sənətçi yaşadığı çətinlikləri xatırlayıb:
"Uşaqlıqda çox əziyyət çəkdim. Ata qayğısı görməmişəm. Ata çörəyi yeməmişəm. Tale elə gətirdi ki, bizi anamız böyütdü. Atamı çox xatırlamıram. Yadımda qalan atamın məni "Pioner evi"nə gətirməsi oldu. 1982-ci ildə məni ora gətirdi, bir il sonra isə o, dünyasını dəyişdi. Bundan sonra bütün yük təhsilsiz qadının, anamın çiyinlərinə düşdü. O, 7 uşağı dolandırmalı idi. Bu, asan məsələ deyildi. İndi valideynlər heç 2 uşağı saxlaya bilmir. Hər şey problemdir.
Bacılarım gözləyirdi ki, digər bacılarımız gəlsin və onların geyimlərini geyinsinlər, məktəbə getsinlər. İndi bəzi qadınlar var, deyirlər ki, uşağıma görə bəzi yollara düşdüm. Bəs, bizim analarımız niyə o yollara düşmədi? O zamanlar hər şey çətin idi. İndi isə hər şey asanlaşıb.
Nə uşaq bezi, nə paltaryuyan, nə qabyuyan, nə də tozsoran var idi. O zaman hər şeyi analarımız əlləri ilə edirdilər. Bəli, belə fədakar analar vardı. Anamın əziyyətlərini unutdurmağı çatdırmadım. Çünki təzə-təzə əlim çörəyə çatırdı və o zaman artıq anam dünyasını dəyişdi. O, rəhmətə gedəndə bütün digər övladlarını mənə tapşırdı".
Nadir bildirib ki, dünyasını dəyişən bacısının övladlarına o baxır:
"İndi qardaşımın da yanındayam. Bacım belə xərçəngdən dünyasını dəyişəndə dedi ki, uşaqlarımı sənə tapşırıram (ağlayır). Hamı övladlarını mənə tapşırır. Şükür ki, Allah mənə o yükü daşımağa güc və ruzi verir. Bayramlar olanda bank kartımda pul qalmır. Hamısını yardıma verirəm. Bəzən olur ki, çatdırmıram. Mənə sosial şəbəkələrdən də yardım üçün yazanlar olur. Çalışıram, onlara da kömək edim. Amma onlar elə düşünürlər ki, biz milyonçuyuq. O pullar havayı gəlir".