Xəbər verdiyimiz kimi, iyunun 4-də Heydər Əliyev Sarayında şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçiriləcək.
Axşam.az-ın məlumatına görə, tədbirdə bir çox maraqlı anlar yaşanacaq. Belə ki, X.İsmayılqızı gecə üçün yeni bəstələr hazırlayıb. Bu bəstələr isə böyük orkestrın müşayiəti ilə təqdim olunacaq. Qonaqlar şairin illərdir hit olan mahnıları ilə yanaşı, yeni əsərlər də dinləyə biləcəklər.
Konsert üçün səhnə də xüsusi qurulacaq.
Konsertdə çıxış edəcəklər arasında "Avroviziya" təmsilçimiz İlkin Dövlətov və müğənni Leyla Rəhimova yer alacaq. Onlar X.ismayılqızının bəstəsi olan, mərhum Xalq artisti İlhamə Quliyevanın "Ağla" mahnısını ifa edəcəklər.
Konsertdə Xalq artistləri Mələkxanım Eyubova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Röya Ayxan, Əməkdar artistlər Mətanət İsgəndərli və başqaları iştirak edəcəklər. Əməkdar artistlər Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Dilarə Kazımova, Elnur Hüseynov və Pərviz Abdullayev ilk dəfə Xanım İsmayılqızının bəstələrini oxuyacaqlar.
Sənətçiləri səhnədə Nərgiz Əliyevanın rəhbərlik etdiyi Royal Strinq Orkestrı və drijor Mustafa Aşurov müşayiət edəcək.
Konsertin rejissoru Nail Naiboğlu, informasiya dəstəyi isə Axşam.az saytıdır.