“Müğənnilər çoxaldıqca musiqimiz məhv olub gedir. Özü də necə müğənnilər, təsadüfü müğənnilər. Yəni yağışdan sonra çıxan göbələklər… Bu gün elə müğənnilərin səhnədə sayı artıb. Ona görə də musiqimizin səviyyəsi tamamilə bərbad haldadır”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Künc-bucaq” verilişində deyib. Müğənni musiqinin hazırki vəziyyətindən şikayətlənib:
“Bu haqda sənətkarlarımızın hər biri danışmalıdır. Onlar heç olmasa nələrsə etməlidirlər. Amma görürəm ki, bu haqda heç kim heç nə demir. İndiki ifaçılar hər şeyi asanlıqla əldə edirlər. Onların yeganə istəyi və amalı toylara gedib pul qazanmaqdır. O pul qazanmaq xasiyyəti olan şəxs sənəti düşünmür.
Bu sənətə yeni gələn ifaçılara iradlarımızı deyəndə həmin “müğənniciklər” xoşagəlməz sözlər ünvanlayırlar. Fəxri adı olanlar da elə söz eşitmək istəməz.
Ali təhsil ocaqlarında bu qədər pedaqoqlar, amma onların heç bir bu barədə danışmır. Misal üçün Mədəniyyət Nazirliyində o qədər insanlar var ki, onların heç biri bu ifaçılara irad bildirmir.
O toyu, toyxananı və həddindən artıq sərbəstliyi əgər sən televiziyaya gətirirsənsə, bu düzgün deyil. Beləcə, sən azərbaycan mədəniyyətini məhv etmiş olursan. Toyxananı gətirib studiyalarda canlandırsaq bizim musiqimizin kökü məhv olub gedəcək. Bu dəqiqə də bu proses gedir. Bu gün musiqimizə qara ləkə gətirən “trend” məsələsidir”.