Noyabrın 2-də Kanadanın Kalqari şəhərində Avropa mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə "Avropa xalq rəqsləri" müsabiqəsi baş tutub.
Axşam.az xəbər verir ki, iştirakçılar sırasında Bolqarıstan, Ruminiya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya, Azərbaycan və digər Avropa ölkələri öz nümayəndələri ilə milli rəqslərini ifa ediblər. Çox zəngin ənənələrə malik olan Azərbaycan rəqs mədəniyyəti bu dəfə də dünya arenasında öz əzəmətini nümayiş etdirərək “Azəri Calgary Stars” 1-ci yerə layiq görülüb və qızıl medal qazanıb. Sevindirici hal budur ki, Azərbaycanı təmsil edən rəqqasların hamısı Kanadada yaşayan azərbaycanlılardan ibarətdir. Rəqslərin ərsəyə gəlməsində, Azərbaycan Xoreoqrafiya Akademiyasının məzunu, "Türksoy Özəl Ödül" müsabiqəsinin laureatı və 2023-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ilin ən fəal gənci adına layiq görülən Lalə Aslanurdur.
L.Aslanur bildirib ki, Azərbaycanın milli rəqs mədəniyyətinin dünyaya tanıdılması və inkişafı onun üçün ən qabaqcıl prinsiplərindən sayılır. Müsabiqəyə hazırlıq 4 ay öncə başlayıb. Kanadada yaşayan azərbaycanlılar Lalə Aslanurun proyekti olan “Mənimlə rəqs et” proqramı ilə onlayn dərslər çərçivəsində çox ciddi şəkildə dərslərə qoşulublar. İlk turda milli rəqsimiz "Qaval rəqsi" nağara musiqi alətinin ritmləri ilə təqdim edilib. İkinci turda Azərbaycanı dünyaya tanıdan dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Koroğlu" operasından musiqiyə quruluş verərək rəqs təqdim olunub.
Müsabiqədə Azərbaycan nümayəndə heyətinin birinci yerə layiq görülməsi ilə yekunlaşıb.