ABŞ-də saxlanılan azərbaycanlı tələbəni Tramp sərbəst buraxdırdı

ABŞ-də saxlanılan azərbaycanlı tələbəni Tramp sərbəst buraxdırdı
2430 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları "U.S. Immigration and Customs Enforcement (ICE) Columbia University"nin tələbəsi Elmina “Elli” Ağayevanı daha üç tələbə ilə birlikdə kampusun yataqxanasında saxlayıblar.

Axşam.az xəbər verir ki, Azərbaycan əsilli tələbə hadisə ilə bağlı instaqram hesabında paylaşım edərək yardım istəyib.

"Daxili Təhlükəsizlik Departamenti (DHS) məni qanunsuz şəkildə saxlayıb. Xahiş edirəm, kömək edin!" deyə paylaşımda qeyd olunub.

Nyu-Yorkdakı Kolumbiya Universitetində baş verən hadisə immiqrasiya siyasəti və universitet təhlükəsizliyi ilə bağlı yeni bir müzakirəyə səbəb olub. Belə ki, federal agentlər məhkəmə qərarı olmadan kampusun ictimaiyyətə açıq olmayan hissəsinə daxil olaraq saxlanmanı həyata keçiriblər. Hadisə universitet ərazisində etirazlara səbəb olub. Yüzlərlə tələbə yataqxananın qarşısına toplaşaraq Ağayevanın azadlığa buraxılmasını və tələbə hüquqlarının qorunmasını tələb edib.

Universitet rəhbərliyi də açıqlamasında Elmina Ağayevanın artıq sərbəst buraxıldığını və yenidən yataqxanaya qayıtdığını bildirib. Lakin universitet rəhbərliyi və müdafiə tərəfi hakimin imzaladığı order olmadan şəxsi məkana girməyin qanunsuz olduğunu iddia edir.

DHS-in rəsmi nümayəndəsi isə açıqlamasında bildirib ki, tələbənin vizası hələ 2016-cı ildə "dərslərdə davamlı iştirak etmədiyi üçün" ləğv olunub.

E.Ağayeva özü də sosial şəbəkədə paylaşım edərək vəziyyətinin yaxşı olduğunu, lakin yaşananlardan ciddi sarsıntı keçirdiyini və toparlanmaq üçün zamana ehtiyac duyduğunu vurğulayıb.

Onun azad olunması prosesində Nyu-York şəhərinin meri Zohran Mamdaninin də rol oynadığı bildirilib. O, "X" platformasında paylaşım edərək məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini açıqlayıb. Görüşdən sonra Ağayeva həmin gün sərbəst buraxılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə kontent yaradıcısı kimi tanınan Elmina Ağayeva gündəlik həyat videoları və immiqrant tələbə kimi təhsil təcrübəsi ilə bağlı məzmunlar paylaşaraq geniş auditoriya qazanıb. O, Kolumbiya Universitetində neyroelm və siyasi elmlər ixtisasları üzrə təhsil alır.