Vəfa Ağabalayeva: “Bu sualı hər eşidəndə bir "ah" çəkirəm” - Müsahibə

Vəfa Ağabalayeva: “Bu sualı hər eşidəndə bir "ah" çəkirəm” -  Müsahibə
3003 dəfə oxunub
  • A-
  • A
  • A+

Televiziya və radio aparıcısı, idman jurnalisti, sənədli filmlər üzrə rejissor Vəfa Ağabalayeva “525-ci qəzet”ə müsahibə verib.

Axşam.az müsahibəni təqdim edir:

- Vəfa xanım, bu yaxınlarda "ƏSA" Teatrına həsr olunmuş "Döngə" sənədli filmini çəkdiniz və film rezonansa səbəb oldu. Elə söhbətimizə də bu filmin yaranma ideyasından başlayaq.

- Bir gün evdə Rusiya kanallarının birində filmə baxırdım. Film daun sindromlu uşaqların muziklda çıxışından bəhs edirdi. Bu insanların cəmiyyətə adaptasiyası, fiziki məhdudiyyəti olsa belə öz həyat eşqini, motivasiyasını necə qoruyub saxlaması mənim üçün maraqlı oldu. Etiraf etmək nə qədər utandırıcı olsa da, əvvəllər mən bir növ o insanlardan qaçırdım. Əlbəttə, heç bir fiziki görünüşünə görə yox, sadəcə qorxurdum ki, mən bilmədən elə ifadə işlədərəm, elə söz deyərəm ki, xətirlərinə dəyərəm. Amma bu filmin çəkilişi zamanı tanış olduğum, filmdə iştirak edən insanlar mənim nə qədər yanıldığımın sübutu oldu. Çünki gördüm ki, bu insanların həyat eşqi, günlük yaşantısı bəlkə də mənimkindən daha maraqlı və sevinclidir. O filmə baxarkən düşündüm ki, görəsən, biz də öz ölkəmizdə onlar üçün nəsə etmişikmi? Bir az maraqlandım. Sən demə, bizdə teatr fəaliyyət göstərir. Həmin teatr fiziki məhdudiyyətli insanlardan ibarətdir və Azərbaycanın ilk inkluziv teatrıdır: "ƏSA". Bu ad iki mənadadır: həm əsa aləti, həm də "Əngəlsiz, Sərhədsiz, Azad" sözlərini özündə ehtiva edir. Vaxt itirmədən teatrın təsisçisi ilə əlaqə saxladım, ideyamı ona bildirdim. O da heç bir problem görmədi və razılaşdı. O ərəfədə onlar yeni tamaşanın premyerasına hazırlaşırdılar. Mən də çəkilişlərə üç ay öncədən başladım. Çünki əgər filmimin sonunda premyeranı göstərmək istəyirəmsə, həmin premyeraya qədər tamaşanın hansı zəhmətlərlə araya-ərsəyə gəldiyini də göstərməli idim. Filmdə yalnız onların aktyor kimi fəaliyyətləri deyil, eləcə də həyat hekayələri, gündəlik həyat tərzləri, gördükləri işlər, hobbiləri və digər bir neçə sferalar rol alıb.

- Dediniz ki, o zamana kimi bu insanlardan qaçmısınız. Ancaq birdən-birə onların arasına daxil olur və hətta həyatlarını filmləşdirirsiniz. Bu. sizin üçün çətin olmadı ki? Yəni qorxduqlarınız başınıza gəlmədi?

- İdeya yarananda və çəkilişlərə başlayanda hər şey çox asan və rahat idi. Mən filmi çəkməyə başlayanda onu televiziya üçün deyil, sırf festivallar üçün nəzərdə tutmuşdum. Xüsusən, beynəlxalq festivallara təqdim etmək fikrim vardı ki, onlara göstərim, baxın, bizdə fiziki məhdudiyyətli insanlara diqqət, qayğı bu cürdür, biz onları kənarlaşdırmırıq, əksinə, öz istedadlarını nümayiş etdirmək üçün şəraitlər yaradılır. İlkin mərhələdə hər şey əla idi. Çəkilişlər başlayandan sonra isə ilk qarşılaşdığım ətrafın qəribə reaksiyası oldu. "Sənin ki fiziki məhdudiyyətin yoxdur", "Ailəndə, qohumda kimsə fiziki məhdudiyyətlidir, yoxsa sevgilin belədir ki, sən buna diqqət çəkmək, insanlara dərs keçmək istəyirsən" kimi fikirlərlə qarşılaşdım. Halbuki bunların heç biri deyildi. Hətta o günə kimi mənim ətrafımda bircə nəfər də olsun fiziki məhdudiyyətli tanışım olmayıb. Sadəcə olaraq, bəlkə də özümdəki o baryeri aşmaq istəyirdim. Onların arasına daxil olduqdan sonra isə mən tamamilə bu qorxularımın əksi ilə qarşılaşdım. Fiziki məhdudiyyətli aktyorlar, onların dostları, həmin teatra gələn tamaşaçıların hər biri hansısa istedada malik, incəsənəti sevən və incəsənətə həvəs göstərən insanlardı. Çox pozitiv və maraqlı insanlardı. Üç aylıq çəkiliş müddətində mən bir dəfə də olsun hiss etmədim ki, qarşımdakı müsahibim fiziki məhdudiyyətli insandır.

- Filmə maddi dəstək oldumu?

- Biz işə başlayanda ya yaxşı olmaldır, ya da heç olmamalıdır prinsipi ilə başlamışdıq. Film tam olaraq, öz büdcəmiz hesabına çəkilib, heç bir sponsor dəstəyi olmayıb. Çünki heç sponsor axtarışına vaxtımız da yox idi. Premyera olacağı üçün çəkilişlərə maksimum tez başlayıb, bitirməli idik. Cavid İmamverdiyevin texniki dəstəyi ilə, heç bir maddi maraq gözləməyən komandamızla filmi çəkdik. Əlbəttə, yüksək büdcəylə daha möhtəşəm işlər etmək olardı, amma gözlədiyimizdən daha yaxşı iş alındı.

- Həmin ərəfələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "ƏSA" Teatrına dəstək olacaqlarını dedi və bununla bağlı çağırış da oldu.

- Bəli, bu haqda məlumatım var. Bildiyim qədərilə nazirlik də, Amerikanın Azərbaycandakı səfirliyi də "ƏSA" Teatrına dəstək göstərirlər. Bizim filmimiz hazır olandan sonra "Azərbaycan" kinoteatrında onun təqdimatını keçirdik. Həmin təqdimatda həm nazirlikdən, həm səfirlikdən əməkdaşlar, həm də tanınmış incəsənət nümayəndələrimizdən də iştirak edənlər oldu. Gözlədiyimdən daha çox dəstək gördük.

- İdman sahəsində çalışan jurnalist kimi bu filmdə də idmanı unutmamısınız.

- Bəli, filmə bir növ idmanı da daxil etmişik. İmran adlı ayaqları protez olan aktyor həm də velosiped sürür. Bu, Azərbaycanda ilk dəfədir ki, olur. Buna yer vermək istədiyimizi ssenaridə görəndə o, narazılıq etmədi və çəkildi. Bir başqa aktyor vardı ki, onun ən sevdiyi futbol klubu "Neftçi" idi. Komandanın stadionuna getdi. Həmin ərəfədə klubun baş məşqçisi Tərlan Əhmədov idi. O, çox xoş qarşıladı. Futbolçularla görüşdülər, onlara forma da hədiyyə etdilər. Filmdə çox maraqlı sahələrə toxunmuşduq və sevindirici haldır ki, həmin sahələrdən olan qonaqlar da təqdimatda iştirak edirdilər.



- Bundan əvvəl hansı sənədli filmlər çəkmisiniz?

- CBC Sport kanalında işlədiyim zamanlarda idman sahəsiylə bağlı sənədli filmlər çəkirdim. İlk çəkdiyim "26-ci dəqiqə" filmi 1996-cı ildəki Azərbaycan - İsveçrə oyununa həsr olunmuşdu. O, ilk oyun idi ki, Azərbaycan 1:0 qalib gələrək seçmə mərhələdə ilk rəsmi qələbəsini qazanmışdı. Təbii, tarixi bir oyun idi. Onun haqqında çəkdiyimiz film də Olimpiya stadionunda təqdim olundu, xoş reaksiya doğurdu.

Ondan başqa, Azərbaycan Cüdo Federasiyasının tarixi haqqında film çəkmişəm. "Qələbə yolu" adlanan bu filmdə cüdoçularımızın keçdiyi yol əks olunmuşdu. Onu da qeyd edim ki, hansı mövzuda sənədli film çəkməyimə baxmayaraq, həmin mövzuyla kifayətlənmirəm, çalışıram ona aidiyyatı olan bütün sahələri əks etdirim.

- Azərbaycan idman mətbuatında son illərdə xanımlarımızı görməyə başlayırıq. Siz də ilklərdən birisiz deyə bilərik. Necə seçdiniz bu sahəni?

- Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bakalavr oxumuşam, Ankara Dövlət Universitetində magistraturanı kinematoqrafiya üzrə bitirmişəm. Azərbaycana gələndə CBC Sport kanalı hələ təzə yaranırdı. Qarşıma elan çıxanda təsadüfən CV göndərdim və düzünü deyim ki, sonra da unutdum. Ancaq onlar məni kastinqə dəvət etdilər və sınaqlardan sonra işə başladım. Həmin kanal açılanda orada qızlar çox idi. Azərbaycanda demək olar ki, ilk idi. Mənim isə idmana marağım 2002-ci ildə futbol üzrə dünya çempionatından başlamışdı. Mən onda niyəsə uşaq ağlımla Braziliyaya azarkeşlik edirdim. Elə o gündən bu günə bütün dünya çempionatlarında Braziliyanı tuturam. Ölkə çempionatında isə "Kəpəz" futbol klubunun fanatıyam. Səbəbi sadə və asandı. Çünki bölgə olaraq, mənim bölgəmdir, həm də mən uşaq vaxtı babamın qucağında oturub onların oyunlarına baxırdım. O vaxt da "Kəpəz" adlı-sanlı komanda idi. İndi isə necə olacaq bilinmir, amma ümid edirik ki, Premyer Liqayaya qayıdacaq.


- İdman sahəsində xanım olaraq çalışmağın hansı çətinlikləri ilə qarşılaşırdınız?

- Hər bir sahənin çətinlikləri var. Sənətin növündən, işçinin cinsindən asılı olmayaraq. Təkcə idman jurnalistikası deyil, elə jurnalistikanın özü çətindir. Ancaq sənətini sevirsənsə, ona sahib çıxa bilirsənsə və məsələn, uğurlu bir müsahibə götürmüsənsə, artıq xoşbəxtsən və o mərhələyə qədər qarşılaşdığın bütün çətinliklər unudulur.

- Nə zamansa, bədii filmlər çəkmək fikriniz varmı?

- Bu sualı hər eşidəndə dərindən bir "ah" çəkirəm (gülürük). Bəli, bir neçə ideya və düşünülmüş ssenari var. Əslində isə sənədli film bədiidən daha çətindir. Mən sənədli film çəkməyə başlayanda müəllimlərim dedilər ki, niyə ən çətinindən başlayırsan? Çünki sənədli filmin ssenarisi, əsasən, montajda yazılır. Müsahibin sənin ssenarin üzrə danışmır, sən müsahibinin danışdıqlarından ssenari qurursan.

Amma bədii filmə də müraciət etmək fikrimiz var, zamanla o da olacaq.

- Hansı rejissorların təcrübələrindən bəhrələnirsiniz?

- Konkret ad çəkməyəcəm. Çünki film elə bir sahədir ki, burada imza deyil, çəkilən rol oynayır. Bir rejissorun uğurlu filmi də ola bilər, uğursuz filmi də. Məsələn, Almaniyada yaşayan bir türk xanım rejissor film ssenarisi hazırlayır. O, ssenarini təqdim edir və buna film çəkmək istədiyini deyir. Onun ilk işi olduğu üçün qəbul edilmir və deyirlər ki, get başqa bir film çək, baxaq, sonra qərar verək. Xanım razılaşır və Türkiyəyə qayıdıb 6 gün ərzində ssenari yazıb, bir film çəkir. Həqiqətən də çox uğurlu bir film alınır. "Mustanq" adlı bu film bütün beynəlxalq müsabiqələrdə, festivallarda müxtəlif nominasiyalar üzrə qalib olur. Xanım gəlir və ilk ssenarisinə film çəkmək istədiyini yenidən deyir. Ona büdcə ayrılır və o, filmi çəkir. Bu film isə tamamilə uğursuzluqla nəticələnir. Yəni bu sahə o qədər qeyri-adidir ki, nəbzi tutmaq çox çətindir.

Liza Liman adlı bir rejissor var, o, bütün ömrü boyu sənədli filmlər çəkib. Mən onunla görüşəndə bu sualı ona verdim ki, niyə məhz sənədli? O dedi ki, mən insanların həyat hekayəsini yazmağı deyil, dinləməyi sevirəm. Bu cavabı eşidəndə düşündüm ki, həqiqətən də, bu, mənim də hisslərimdir.

- Azərbaycanda film sektorunu necə dəyərləndirirsiz?

- "Döngə" filmini Azərbaycandakı "Qızıl Pəri" film festivalına göndərmişdik. Filmimiz orda qısametrajlı sənədli filmlər üzrə beş nominantdan biri oldu. O günə qədər mən niyəsə həmişə düşünürdüm ki, Azərbaycanda film sahəsində durğunluqdu, filmlər çəkilmir. O festivalın təqdimat mərasimində isə mən xoş təəccüb keçirdim. Gördüm ki, nə qədər filmlər çəkilirmiş. Hələ ora gələnlər seçilən filmlər idi. Seçilməyənlər ondan da çox idi axı. Onda başa düşdüm ki, yox, Azərbaycanda film sahəsi inkişaf edir. Sadəcə daha çox işıqlandırmaq, həvəsləndirmək lazımdır.

- Kəmiyyət olaraq var, bəs keyfiyyət olaraq?

- Keyfiyyət olaraq da yaxşı filmlər heç də az deyil. Kinoteatrlarda olan filmlər isə nədənsə, ancaq komediyalardır. Digər janrlarda olan filmlər də çəkilir, nümayiş olunur, ancaq yetəri qədər kütlə toplamır. Rejissorlar da yəqin düşünür ki, komediya daha çox baxılır və onlar da buna müraciət edirlər. Mən isə şəxsən getmirəm. Bu, mənim subyektiv seçimimdir, məni qane etmir. Çünki sahəm başqadır. Əgər mən o komediyadakı yumora gülmürəmsə, deməli, film alınmayıb. Amma bu, sirr deyil ki, gedənlər var.

- Sizcə, sənət sənət üçündür, yoxsa sənət xalq üçündür?

- Məncə, bir insan nə iş görməyindən asılı olmayaraq, öncə maddiyyatı düşünməməli, ondan mənəvi zövq almalıdır. Əgər sən öz işinə ruhunu, varlığını qoyursansa, ondan xoşbəxt ola bilirsənsə, deməli, sənin işin uğurlu alınıb. Uğurlu işə də insanlar baxırlar, bəyənirlər. Yox, maddiyyatın, ya da nəyinsə xətrinə iş görürsənsə və o, səni belə qane etmirsə, xalqı necə qane edəcək?

- Onda deyə bilərikmi ki, rejissor kütlənin yox, kütlə rejissorun dalınca getməlidir?

- Bu sualın cavabı mənimçün birmənalı olaraq yoxdur. Əslində, xalq bayağı veriliş, bayağı film istəmir. Kamera, televiziya sənin əlindədirsə, deməli, xalqı yönləndirmək də sənin əlindədir. Niyə əksəriyyətimizin evində kabel televiziyaları var, niyə xaricə baxırıq? Çünki daha keyfiyyətli işlər görmək istəyirik. Mən işimin xətrinə baxıram, amma baxıb, təəssüflənirəm. Xalq da maariflənmək istəyir. Bu isə rejissorların, televiziyanın əlindədir.

- Son olaraq indi hansı işlə məşğulsunuz, nə kimi planlarınız var?

- Hal-hazırda iki filmin ssenarisi üzərində işləyirəm və düşünürəm ki, idmanımız, mədəniyyətimiz üçün maraqlı layihələr olacaq. Bir neçə başqa layihələr də var. Çalışıram ki, xarici kanallarda həsrətlə baxdığımız verilişləri nəhayət, öz efir məkanımıza daşıyaq.