"Qoy bu yolda bizə həmişə uğur nəsib olsun" - Nərgiz Paşayeva

"Qoy bu yolda bizə həmişə uğur nəsib olsun" -  Nərgiz Paşayeva
1879 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın AzərTac-a müsahibəsini təqdim edir:

N.Paşayeva müsahibədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə Oksford Universiteti arasında 2013-cü il oktyabrın 28-də sözügedən təhsil ocağında Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu ilə bağlı sualları cavablandırıb. 

- Mərkəzin fəaliyyəti, gördüyü işlər və gələcək planları haqqında danışmağınız maraqlı olardı.

- Mərkəzin yaradılmasına dair elmi layihəmiz böyük iddialara köklənən bir layihədir. Çünki Oksford Universiteti ilə əməkdaşlığın nə demək olduğu hər kəsə yaxşı aydındır. İlk olaraq bu, böyük məsuliyyətlə bərabər professionallıq, elmi təmkin, elmi qaydalara uyğun prosesin davamlı təşkilini tələb edir. Biz Oksford Universitetinin alimləri ilə bərabər mərkəz haqqında bir il fikir mübadiləsi aparmışıq. Bu müddət ərzində bir neçə görüşlərimiz olub. Mənim oktyabrın 28-də Oksford Universitetinə səfərim zamanı məramnamə imzaladıq, bundan sonra hazırlıq prosesi başladı. Bunun nəticəsi olaraq biz 2015-2020-ci illəri əhatə edən tədris və elmi proqramı hazırlamışıq. Bu proqram Oksford Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən bəyənilərək qəbul edilib. Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa nail oluruq.

Məqsədimiz Azərbaycan elminin təkcə öz dar məkanından deyil, dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə, biz dünya elmi məkanının bir hissəsinə çevrilmək imkanını qazanmış oluruq. Bu imkanı əldən vermək olmaz. Oksford Universiteti ilə müştərək əməkdaşlığımız məqsədimizə nail olmaq üçün lazımi imkanları yaratdı. Mən Oksford Universitetinin şərqşünaslıq fakültəsinin 20-yə yaxın professoru ilə görüşlər keçirdim. Bu görüşlərdə Nizami və onun yaradıcılığı haqda geniş fikir mübadiləsi apardıq. Bunun üçün professor heyətinə və layihənin Britaniya tərəfdən həmsədri professor Robert Hoylanda xüsusi təşəkkürümü bildirirəm.

Çox yaxşı haldır ki, mərkəz daxilindəki proqram həm tədris tutumu, həm də elmi yönlü istiqamətlərə malikdir. 5 ildə 3 aspirant, 3 magistrant yetişdirməyi, müəyyən elmi nəzəri kitabları tərcümə etməyi nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, Azərbaycan alimlərinin yaratdığı elmi əsərlərin heç biri akademik səviyyədə Avropa dillərinə tərcümə olunmayıb, bu isə ciddi boşluqdur. Müasir dünyada tərcümələrin olmaması və elmi mərkəzlərdə, kitabxanalarda, universitetlərdə təmsil edilməməsi görülən işləri sual altına qoyur. Beləliklə, bizim qədəm qoyduğumuz yol böyükdür və əziyyətlidir. Lakin başlanğıc çox şərəfli və tarixi bir başlanğıcdır.

Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan alimləri tərəfindən işlənmiş yetərli qiymətli əsərləri Oksfordda tədricən yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan nizamişünaslığı dünyada öz ədalətli yerini tuta biləcək potensiala malikdir. Bu işlərin hamısı bizə bağlıdır, müştərək fəaliyyətimizin əsas qayəsidir. Onu da qeyd etmək istərdim ki, əgər hər hansı bir tutarlı mərkəzin hüquqi əsası yoxdursa, o, keçici, formal, ani xarakter daşıyır. Sanki bir nümayəndəçilik funksiyasına bənzəyir, çünki müasir dünyada hər hansı bir universitetlə əməkdaşlıq etmək, tədbirlər həyata keçirmək çox asandır. Lakin bu qaydalarla Oksfordla əməkdaşlıq etmək mümkünsüzdür. Ona görə ki, bu mötəbər təhsil ocağının kifayət qədər sərt tələbləri mövcuddur. Oksfordun qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə böyük nailiyyətdir!

- Gələcək planlarınızda, həmçinin internet resurslarının yaradılması da yer alır. Bu barədə nə deyə bilərsiniz?

- Hər ilin sonunda görülən işlər haqqında mütəmadi məlumat verilməlidir. Bunun üçün hazırda professor Robert Hoylandla müştərək veb-sayt hazırlayırıq. Saytımızda layihə və mərkəz haqqında məlumatlar yerləşdiriləcək, informasiya mütəmadi olaraq yenilənəcək. Hər ilin sonunda şərqşünaslıq fakültəsinə elmi işlərimiz haqqında məlumat veriləcək. Şərqşünaslıq İnstitutu tərəfindən mərkəzin işi bu məlumatlar əsasında qiymətləndiriləcək.

Görülən işin sanbalı yüksək olduqda elmi mərkəzin də nüfuzu yüksələcək. Qarşıdakı məqsədlərə düzgün istiqamətlə, doğru elmi baxışla getsək, Oksfordda nüfuz qazansaq, bu, Azərbaycan elmi və mədəniyyətinə tutarlı töhfə ola bilər. Odur ki, Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi misilsiz dəyərə malik, gələcək nəsillər üçün tarixi bir başlanğıc açan layihədir.

Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyanın ən böyük nəşriyyatı yerləşir və burada hər gün 16 kitab çapdan çıxır. Çoxşaxəli fəaliyyətimizin istiqamətlərindən biri də odur ki, mərkəzimiz vasitəsilə Azərbaycan elmi fikrinə, düşüncəsinə aid olan elmi-nəzəri əsərlər Oksfordun nəşriyyatında çap olunaraq işıq üzü görsün.

Bizdə bir gözəl məsəl var: “Zər qədrini, zərgər bilər”. Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, başlanğıcda biz varıq və bu, keçici xarakter daşımır. Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq üzrə araşdırmalar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoy bu yolda bizə həmişə uğur nəsib olsun.

Müsahibənin sonunda professor Nərgiz Paşayeva qarşıdan gələn yeni ildə Oksford Universiteti şərqşünaslıq fakültəsinin heyətinə və mərkəzin işçi qrupuna uğurlar arzuladı. Oksford Universitetinin “Dominus illuminatio mea” (Tanrı, yolumu işıqlandır) devizini xatırladan N.Paşayeva layihənin 5 illik təqvim planının uğurlu olmasını dilədi:

“Bu, əbədi və əzəli dəyərlərə bağlı bir devizdir. Bu, maddiyatdan kənar, mənəviyyata bağlı devizdir. Bu deviz altında Oksford Universiteti ilə birgə çalışmaq, mühüm və yenilməz işlərə imza atmaq, xidmət etmək böyük şərəfdir”.