Sonuncu məşəlçi: Qarabağ əlilinin həyat yolu

Sonuncu məşəlçi: Qarabağ əlilinin həyat yolu
4465 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 12-də Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi baş tutdu.

“Bakı-2015”in son məşəlçisi iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev gətirib. İlham məşəli Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında stadiona daşıyıb. 

İlham Zəkiyev kimdir?

Axşam.az-ın modern.az-a istinadən məlumatına görə, İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində sıravi zavod işçisinin ailəsində anadan olub. Sumqayıt şəhərinin 5 saylı orta məktəbinin məzunudur.

O, 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atıb, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutub və sambo üzrə yeniyetmələr arasında respublika çempionu olub. İlham Zəkiyev 1998-ci ildə Moskva şəhərində keçirilən Yeniyetmələr Olimpiadasına qatılmaq üçün yarışa hazırlaşsa da, onu yarışmaya qəbul etməyiblər və daha sonra hərbi xidmətə yollanıb.

1998-ci ilin iyul ayında İlham Zəkiyev Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. İlham öz xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunda yerinə yetirib. Kəşfiyyatçı kimi İlham bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.

1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham ağır yaralanıb. Güllə onun başına dəymiş, sol gicgahından girərək sağ gicgahından çıxmışdı. Aldığı ağır yaradan sonra İlham 5 gün komada qalıb. O zaman həkimlərdə, ailəsi də ondan  əllərini üzmüşdülər. Amma fiziki cəhətdən güclü olan İlham Zəkiyev ölümə qalib gələrək, komadan ayıla bilib

O zaman komadan çıxdıqdan sonra məlum olub ki, İlham görmə qabiliyyətini tamamilə itirib. Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmayıb.

İlham Zəkiyev Milli Ordudan I qrup Qarabağ əlili kimi evə qayıdıb.

19 yaşında görmə qabiliyitəini tamailə itirən İlham Zəkiyev həyatda mübarizəsini davam etdirib. Məhz ailəsinin və yaxın dostlarının ona dəstək olması İlhama çətin dövrü arxada qoymağa kömək edib.

2002-ci ildə etibarən İlham Zəkiyev məşqlərə başlayır. Ardınca Kanadanın Kvebek şəhərində keçirilən beynəlxalq turnirə qatılan İ.Zəkiyev Afinada keçirilən Paralimpiya oyunlarına vəsiqə qazandı. O, həmin Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən yeganə cüdoçu idi. 2004-cü ildə keçirlən Afina Paralimpiya Oyunlarına qatılan İlham çempion olmağı bacardı. Bir ildən sonra Niderlandda keçirilən Avropa Çempionatında da qalib gələrək 1-ci yeri tutub.

2006-cı ildə Fransada keçirilən Dünya Çempionatında bürünc medal qazanıb. 2007-ci ildə Bakıda keçirilən Avropa Çempionatında İlham yenidən qələbə qazanıb. Bundan başqa o, Braziliyada keçirilən Gözdən Əlillərin Dünya Oyunlarında da qızıl medal qazanıb.

2008-ci ildə İlham Zəkiyev Pekində keçirilən növbəti Paralimpiya Oyunlarında da da iştirak edib, Azərbaycan tarixində ilk dəfə Paralimpiya Oyunlarında ikiqat Çempion adını qazanıb.

İki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu, Qarabağ müharibəsi əlili İlham Zəkiyev həm də əməkdar idman ustasıdır. O, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatıdır.