Ülviyyə Könül nənə olub - Fotolar

Ülviyyə Könül nənə olub - Fotolar
4003 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nadir hallarda verilişlərdə qonaq oluram. Bir də başım AzTV-dəki işimə qarışıb. Amma lazım olanda efirlərə çıxıram”.

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, rejissor Ülviyyə Könül efirlərdə az görünməsi barədə suala cavab verərkən söyləyib.

Sonuncu dəfə “Həddən artıq uyğunluq” filmini çəkən Ü.Könül növbəti il daha bir ekran işi ərsəyə gətirəcək:

“Televiziyada işləsəm də, əslində, kino işçisiyəm. Bütün kinorejissorların ən böyük arzusu film çəkməkdir. 2020-ci ildə romantik komediya janrında film çəkmək istəyirəm. Bizdə bu janrda az film var. Komediya filmidirsə, ikiqat “komediyadır” ya da, melodramdırsa, çox ağlamalıdır. İstəyirəm bayram əhval-ruhiyyəli bir ekran işi olsun”.

Rejissor serial çəkməməyinə isə belə izah verib:

“Serial çox vaxt aparır. Onun nəticəsi həm maliyyə baxımından, həm də vaxt baxımından sərf etmir. Sərf etdiyin vaxta dəyməz. Bir dəfə işləmişəm. Ləzzət almadım. Serialda hər şeyə səthi yanaşırsan deyə, xoşuma gəlmədi”.

Ü.Könül hazırda çəkilən kliplərdən razılığını bildirib:

“AzTV-də keyfiyyətli kliplərə vaxt ayrılıb. Çox maraqlı və keyfiyyətli kliplər çəkilir. Bunun da səbəbi bir tərəfdən ən son texnologiyalardır. Bizim vaxtımızda belə şeylər yox idi, yalnız ssenari və fikirlə yadda qala bilirdik. İndi isə hər şey dəyişib”.

Sənətçi ötən il türk vətəndaşı Bora Borziski ilə ailə qurub Amerikaya köçən qızının ana olduğunu dilə gətirib:

“4 ay əvvəl nəvəm dünyaya gəlib. Qız nəvəm doğulub. Adını deməyəcəm, qızım qoymur. Deyir ki, göz dəyər. Bilirsiniz ki, yeganə övladım Könüldür. Onun artıq öz qızı var. İnanın bütün həyatım çox dəyişdi. Adətən, nəvəni uşaqdan çox istəyirlər deyirlər... Düzdür, mən belə deməzdim. Qızımı dəlicəsinə sevirəm. Amma bu, tamam başqa sevgidir. “Nənə” sözü bir az qocalığı tərənnüm edir. Lakin insan nənə olanda cavanlaşır”.

Xatırladaq ki, rejissorun qızı Könül uzun illərdir ki, xarici ölkələrdə yaşayıb. O, əvvəlcə Amerikada, sonra isə Türkiyədə təhsil alıb. Bir neçə ixtisasa yiyələnib. PR menecer kimi çalışan Könülün 27 yaşı var. O, Türkiyədə bərabər təhsil aldığı, ixtisasca filoloq olan tələbə yoldaşı ilə ailə qurub.

Pərviz Hüseyn