"Ağladığım" üçün TƏBİB-dən diqqət gördüm"

"Ağladığım" üçün TƏBİB-dən diqqət gördüm"
2185 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hazırda yaxşıyam. Sanki ikinci dəfə dünyaya gəldim. Bu xəstəlikdən sonra həyata baxış bucağım dəyişdi. İnsanın başı hərdən o qədər xırda problemlərə qarışır ki... Amma əsas odur insanın canı sağlam olsun. Əgər evdə azyaşlı varsa, valideynin sağlığı çox önəmlidir. Nə vaxta qədər ki, birinin əlindən tutacaq balaca bir uşağı var, o insan bu həyatda sağlam qalmağa məcburdur”.

Axşam.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl koronavirusa yoluxub sağalan aparıcı Aytən Səfərova "Bizimləsən" proqramına telefonla bağlanarkən deyib. Aparıcı virusa yoluxduqdan sonra bir müddət evdə müalicə aldığını bildirib:

“Daha sonra həyat yoldaşımla xəstəxanaya aparıldıq. Azərbaycanda belə bir atalar sözü var: "Ağlamayan uşağa süd vermirlər". Bir az ağladığım üçün TƏBİB-dən diqqət və qayğını gördüm”.

Aparıcı bəzi insanların evdə müalicə almasına etiraz edərək, sağlamlıqlarını təhlükə altına atmamalarını söyləyib:

“Bir çox insanlar düşünür ki, xəstəliyi evdə keçirəcəm. Qonşum yaxşı keçiribsə, məndə də elə olar. 10 dəqiqədən sonra nəfəs elə darala bilər ki, insan yerində qalır. Zarafat ediləcək bir xətəlik deyil. İnsan psixoloji olaraq güclü olmalıdır. “COVID-19”un sonuncu növü çox ağır bir ştammdır. İnsan panik atak keçirir. İndiyədək ürəyim tez-tez döyünür, dərmanlar qəbul edirəm”.