Bakı metrosunun kondisionerli qatarlarından görüntülər -video

Bakı metrosunun kondisionerli qatarlarından görüntülər -video
2485 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı 2015”ə üç gün qalıb. Avropa Oyunlarına azalan vaxt həyəcanı artırır. “Bakı 2015”in məşəli artıq üç gündür ki, paytaxtdadır. Bu gün məşəl “Alov qüllələri”ndən aşağı endirilib.
 
“Bakı Metropoliteni” də oyunlarla bağlı hazırlıqları sona çatdırıb. Əməkdaşların gücləndirilmiş iş rejimində fəaliyyəti öz yerində, artıq yeni qatarlar istifadəyə verilib. Bu qatarlar “Həzi Aslanov” “İçərişəhər” xəttində işləyir.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, Avropa Oyunlarına 3 gün qalıb və “Bakı Metropoliteni” bu ərəfədə yeni qatarlarını xəttə buraxıb.

Qatarlar hələ ki ancaq “İçərişəhər” və “Həzi Aslanov” xətti üzrə hərəkət edəcəklər. Qatarlardan istifadə edən sərnişinlər rahatlıqdan çox məmnun görünürdülər.

Paytaxt sakini Rəhimə Nəcəfli birinci dəfədir ki, bu qatardan istifadə etdiyini və digər qatarlarla müqayisədə daha rahat olduğunu söylədi.

Texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Kondisioner sistemi ilə təchiz edilib.

Hər biri 5 vaqondan ibarət olan yeni qatarlarda vaqonların sərnişin tutumu 330 nəfərdi. Bu vaqonları digər vaqonlardan fərqi cəhəti onlar arasında birbaşa keçidin olmasıdır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, qatarlar bundan sonra hər gün müəyyən olunmuş qrafik üzrə hərəkət edəcəklər:

“Artıq sınaq işləri uğurla başa çatıb. Bu gündən etibarən hər üç qatar "İçərişəhər” və “Həzi Aslanov” xətti, yəni qırmızı xətt üzrə tam gücü ilə fəaliyyət göstərir”.

Qatarlar yerli maşinistlər tərəfindən idarə olunur.

Müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.