"Ledi Qaqa ilə layihəmiz olacaq" - Alim Qasımov

"Ledi Qaqa ilə layihəmiz olacaq" - Alim Qasımov
4594 dəfə oxunub
  • A-
  • A
  • A+
“68 min tamaşaçının önünə çıxıb mahnı oxumaq hər müğənniyə qismət olmur. Allaha çox şükür ki, bu, xoşbəxtlik mənə qismət oldu. Çox həyəcan keçirdim. Amma bu mənim üçün şərəfdir”.

Axşam.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış muğam ustası Alim Qasımov deyib.

Avropa Oyunlarının açılış mərasimində möhtəşəm ifa sərgiləyən muğam ustadı tədbirin təşkilini çox yüksək qiymətləndirib.

“Bütün dünyanın, Azərbaycanın izlədiyini mərasimdə çıxış etmək çox məsuliyyətli və qürurverici idi. Bu mənim üçün 100 qat şərəfdir. Həmin mərasimdə iştirak etmək hər bir azərbaycanlıya qismət olmur. Bu cəhətdən mən xoşbəxtəm. Biz sənətimizi, muğamımızı bütün dünyaya tanıtdıq. Unudulmaz bir bayram gecəsini qeyd etdik”.

Daha sonra muğam ustadı Avropa Oyunlarının səhnəsində çıxış edən tanınmış xarici müğənni Ledi Qaqadan danışıb:

“İşlər çox olduğu üçün onunla görüşə bilmədim. Qismət olsa, duet oxuyarıq. Yəqin ki, Ledi Qaqa ilə gələcəkdə bir layihəmiz olacaq. O, prodüsseri vasitəsilə mənə təşəkkürünü çatdırdı. Onlar bizimlə bir səhnədə çıxış etdikləri üçün şad olduqlarını və konsertdən yüksək təəssüratla ayrıldıqlarını dedilər”.

Qeyd edək ki, ilk Avropa Oyunlarının ötən gün keçirilən açılış mərasimində muğam ustadı Alim Qasımovla yanaşı dünyaca məşhur müğənni Ledi Qaqa da çıxış edib.