Avropa Oyunlarının "Leyli"si kimdir? - müsahibə+fotolar

Avropa Oyunlarının "Leyli"si kimdir? - müsahibə+fotolar
10533 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı-2015” I Avropa Oyunlarının təntənəli açılış mərasimində çoxlu yaddaqalan məqamlar oldu. Onlar hələ uzun müddət xatırlanacaq, dəfələrlə müzakirə olunacaq, onlara müxtəlif izahlar, rəylər veriləcək. Amma hər dəfə də hamının fikri eyni olacaq: “Çox gözəl və mükəmməl idi”.

Həmin gözəl səhnələrdən biri də Azərbaycanın milli bayramı olan Novruzun 4 ünsürünü təcəssüm etdirən kompozisiya idi. İdeal qurulan bu kompozisiyada daha bir element vardı - Leyli.

...Dünənki tədbirə qədər onu heç kim tanımırdı. Bir neçə ay əvvələ qədər bu gənc rəqqasənin ağlına da gəlməzdi ki, debütü belə mötəbər tədbirdə, yüz milyonlarla televiziya tamaşaçısının gözü önündə olacaq, onun ifasına 57 ölkədə canlı yayımda baxacaqlar. Amma...

Avropa Oyunlarının açılış mərasiminin Leylisi - Dövlət Rəqs Ansamblının  21 yaşlı üzvü Nərgiz Nəsirzadə virtualaz.org saytının suallarını cavablandırıb. Axşam.az həmin müsahibəni təqdim edir.

-Nərgiz, sənin baş rolda olduğun bu kompozisiya çox qeyri-adi idi. O, çox şeyi ifadə edir, Azərbaycan milli ruhunu təcəssüm etdirirdi...

-Bəli, burada məqsəd küləklər şəhəri kimi tanınan Bakının dünyanın ən böyük qapalı su hövzəsi sayılan Xəzər dənizinin sahilində yerləşdiyini, Yanardağ adlanan ərazidə torpağın daim yandığını, palçıq vulkanlarından cadar-cadar olan torpaq mənzərəsini canlandıran Qobustanın 40 min illik qayaüstü rəsmlərini dünyaya göstərmək idi.

-Necə oldu ki, Avropa Oyunlarının Leylisi seçildin?

- Seçim üçün əvvəlcə Dövlət Rəqs Ansamblına gəlmişdilər. Şəkillərimiz çəkildi, telefon nömrələrimiz alındı. Sonra bildik ki, 8 qız secilib. Dörd-dörd məşqlərə çağırıldıq. Bizimlə Bakı Avropa Oyunlarının bədii rəhbəri Dimitris Papaioannou məşq edirdi. Martın 9-da mənə zəng vurdular ki, siz Leyli roluna seçilmisiniz. Həmin gün yaşadığım sevinc hisslərimi ifadə edə bilmərəm.

- Nə qədər vaxt olar məşq edirdiniz?

- Məşqlər aprel ayından başladı. Leyli ilə Məcnun, yəni Aydəmirlə mən hər zaman ikimiz məşq edirdik. Səylə çalışırdıq. Axı söhbət ölkəmizin imicindən gedirdi. Bizimlə Dimitris özü şəxsən məşğul olurdu. Əslində o, işini adətən xoreoqraflarına həvalə edir. Yekunda sadəcə kompozisiyaya baxıb düzəlişlər edir. Amma bizimlə özü məşğul olurdu.

Məşqləri xüsusi çadırlarda edirdik. Orada hər şey stadionda hazırlanan kimi qurulmuşdu. İyundan isə məşqlər artıq stadionda keçirilirdi. İyunun 6-da yekun məşq oldu. Amma orada bəzi nüasnlar gizli saxlanıldı. Məsələn, Aydəmirin daşla alovu yandırması kimi... İyunun 9-da isə prezident İlham Əliyev və “Bakı-2015” I Avropa Oyunları Təşkilat  Komitəsinin sədri Mehriban xanım Əliyeva son məşqi izlədilər. Bundan sonra biz tam hazır idik.

-Nərgiz, Leyli roluna niyə sən seçildin? Axı bu, hansısa bir aktrisa da ola bilərdi...

- Bizi seçəndə rəhbərliyimiz də maraqlandı ki, niyə aktyorlardan yox, rəqs ansamblından seçirsiniz. Onlar da dedi ki, biz istəyirik hisslərin ifadəsi təbii olsun, aktyor isə o hissləri canlandıracaq, səhnədəki kimi oynayacaq. Yəni onlar üçün təbiilik əsas idi. Makiyajım da o qədər təbii idi ki, üz cizgilərimə təsir göstərmirdi. Dimitris dedi mən səni ona görə seçdim ki, səndə istədiyim təbiiliyi gördüm, gözündə, baxışlarında o enerjini gördüm.

- Dünən biz də o enerjini hiss etdik. Bəs sən özün hansı hissləri keçirdin?

- Ürəyimin döyüntüsündəm heç nə eşitmirdim, heç nə görmürdüm. Təkcə Alim Qasımovun səsini eşidəndə sanki yuxudan ayıldım. Bu günsə çox xoşbəxtəm. Baxmayaraq ki, dünənki həyəcan hələ də qalır (gülür).

-Yekun səhnənin sirrini aça bilərsənmi? Adamların gəlişi, otların cücərməsi, yanan hissələr, səhnədəki suyun həqiqiliyi, temperaturu... Hər nüans maraqlıdır.

-Səhnədə xüsusi yumşaq materialdan hazırlanan yerlər var idi. Uşaqlar oradan çıxırdı. Amma çox həyəcanlı idilər. Otlar da oradan göyərirdi. Yanan hissəyə gəlincə bu, xüsusi zolaqlarda baş verirdi. İlk məşqdə əllərimizə, paltarımıza xüsusi maddələr vururdular ki, yanmasın.

İçində dayandığım su da həqiqi idi. Hətta sərin idi. Hər şey təbii və gözəl idi. Əlimdəki səməni də təbii idi. Xoşbəxtəm ki, o hissləri keçirə bildik.