İdman bayramı...

İdman bayramı...
827 dəfə oxunub
  • A-
  • A
  • A+
...Bütün bu tədbirlərin alt qatında, dərinliyində gizli bir məna da var. Bu da bizim olana sahib çıxmaq, bizə məxsus olanı qorumaq, saxlamaq istəyidi.

Ermənilərin özününküləşdirməyə çalışdığı “Sarı gəlin”in səsləndirilməsindən, qonaqlara açdığımız süfrələrimizə qonşularımızın öz adlarına çıxarmaq istədikləri yeməklərimizin düzülməsinə kimi hər şey bunun üçündü. Sivil, mədəni yolla “Sarı gəlin”in bizim musiqimiz, Nizaminin fars yox, Azərbaycan şairi olduğunu çatdırmaq üçün. Və elə açılış mərasimində Alim Qasımovun beynin ən dərin qatlarını tərpədən səsiylə “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” oxuması əsas dərdimizi unutmamağımıza işarədi. Əslində, elə ən böyük bacarıq da bu böyük dərdə, ədalətsizliyə baxmayaraq, ayaqda durmaqdı, yaşamaqdı, həyata davamdı, sabaha baxmaqdı, inkişafdı, “Avroviziya”da qalib gəlməkdi, I Avropa Oyunlarına ev sahibliyi etməkdi...

Zaman o qədər sürətli gedir ki, yenilikləri izləməyi çatdırmırsan. Bəzən hətta nəfəs dərməyə, olanlara bir az kənardan, ayrı gözlə baxmağa ehtiyac duyursan. Əslində İlk Avropa Oyunları ölkəmiz üçün, Bakı üçün özünə kənardan, ayrı gözlə baxmaqdan ötrü fürsətdi. Özünüdərkin yeni bir mərhələsidi, dünyada təsdiqin daha bir formasıdı. Son bir ildə paytaxtda gedən hazırlıq işləri, tikintilər - xüsusən də bulvarın böyüdülməsi, genişləndirilməsi, bütün tələblərə cavab verən stadion, hovuz, idman zallarının tikintisi - bütün bunlar o qədər sürətlə baş verib ki, başımızı qaldırıb Avropa oyunlarına hazır gördük şəhəri. Bakı gözümüzün qabağında o qədər dəyişilib, müasirləşib ki, bunların hamısını ifadə etməyə söz də tapmırsan. Bulvarın “Crystal Hall” və Bayraq Meydanı ərazisi, yeni Avropa Oyunları Parkı, Bakı Su İdman Mərkəzi ayrı bir şəhər təsiri bağışlayır. Neft qoxulu Xəzərin qoynuna başını incə-incə qoyan, bir az da nazlanan zərif məxluqdu Bakımız. Hər səliqəsi, təmizliyi, gözəlliyi, cazibəsi yerində... Amma əsas olan müasirlikdəki tarixdi, tarixin müasir şəkildə təqdimatıdı.

Əslində Bakının dünya üçün, Avropa üçün “kəşf”i “Avroviziya” mahnı müsabiqəsinin burda keçirilməsindən başlandı. Xatırlayıram ki, müsabiqədən sonra xaricilər şəhərin zənginliyini, gözəlliyini dəfələrlə vurğulayır, sosial şəbəkələrdə, saytlarda bu haqda şərhlər yazırdılar. Qonaqpərvərliyimizə, milli mətbəximizə heyranlıqları isə xüsusi mövzu idi. Və əslində ən gözəl olan gələnləri hansısa qurama üsullarla yox, sadəcə, özümüz olmaqla, səmimiliyimizlə təsirləndirməyimizdi. I Avropa oyunlarının Bakıda keçirilməsi isə bu mənada həm daha böyük məsuliyyət, həm də şansdı. Hamıya bəllidi ki, son illərdə Avropada, dünyada sivil, müasir dövlət kimi, zəngin mədəniyyətə, incəsənətə, ədəbiyyata malik xalq, qədim tarixi olan millət kimi tanınmağımız üçün çox işlər görülür. Rəssamlarımızın müxtəlif ölkələrdə sərgilərinin keçirilməsindən muğamımızın dünyaya tanıdılmasına, ən gözəl salonlarda konsertlərə, yığıncaqlara, təqdimatlara kimi hər şey bunun üçündü, buna xidmət edir. Bütün bunlar Qarabağ həqiqətlərinin çatdırılması, ədalətsizliyin ifadəsi üçün də son dərəcə vacibdir.

I Avropa Oyunları isə həm də bu cəhətdən böyük hadisə və fürsətdi. Ayrı-ayrı vaxtlarda, müxtəlif ölkələrdə, şəhərlərdə təşkil oluna biləcək tədbirlər, təqdimatlar bir neçə gün ərzində ölkəmizdə keçirilir və bunu hamı, bütün Avropa, dünya seyr edir, görür... Və əsas məqsəd xarici gözəlliklə daxili zənginliyi, gözlə görünən güclə alt qatda gizlənmiş bacarığı göstərmək, ifadə etməkdisə buna nail olunur. Dünyanın diqqətini özünə cəlb edən Bakı hər kəsi təəccübləndirir, heyrətləndirir.

Şəhərimizin zahiri gözəlliyi bulvar, işıqlı, gözəl yollar, yeni müasir binalardısa, Üç Alov, “Crystal Hall”, Olimpiya Stadionu, Avropa Oyunları Parkı, Bakı Su İdman Mərkəzi, Milli Gimnastika zalıdısa, beş ulduzlu otellərdisə, daxili zənginlik ədəbiyyatımız, mədəniyyətimiz, musiqimiz, incəsənətimizdi. Və gələn qonaqlara bütün bunların vəhdətdə çatdırılması, təqdim olunması son dərəcə vacibdi. Təkcə elə açılış mərasimindən uzun-uzun danışmaq, ən müxtəlif detalları fərqli şəkillərdə yozmaq, polemikalara girmək olar. Burda Qobustan qayaları simvolunda tariximiz, qədimliyimiz, Nizami obrazında, onun əsərlərindən hazırlanmış səhnələrdə ədəbiyyatımızın zənginliyi, dərinliyi, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun musiqisi timsalında milli musiqimizin əsrarəngizliyi ifadə olunmuşdu. Bütün bu təkrarsız sənətin, simvollarla, həm də ən müasir texniki vasitələrlə göstərilməsi effekti artırır, mərasimi daha da möhtəşəm edirdi.

Nədənsə uşaqlıqdan televiziyadan izlədiyimiz idman bayramları, açılış mərasimlərini xatırladım. Axı, o zamandan bütün bunlar bizim üçün Avropanın, inkişaf etmiş ölkələrin simvolu idi. Amma indi yadıma saldıqca düşünürəm ki, bizim uşaq baxışlarımızı təsirləndirən, yaddaşımızda qalan sadəcə, işıq effektləri, texniki işlər olub. Bu cür ən müxtəlif sənət sahələrini özündə birləşdirən, eyni zamanda da müasir, yepyeni mərasim yadıma gəlmir. Bütün bu tədbirlərin alt qatında, dərinliyində gizli bir məna da var. Bu da bizim olana sahib çıxmaq, bizə məxsus olanı qorumaq, saxlamaq istəyidi. Ermənilərin özününküləşdirməyə çalışdığı “Sarı gəlin”in səsləndirilməsindən, qonaqlara açdığımız süfrələrimizə qonşularımızın öz adlarına çıxarmaq istədikləri yeməklərimizin düzülməsinə kimi hər şey bunun üçündü. Sivil, mədəni yolla “Sarı gəlin”in bizim musiqimiz, Nizaminin fars yox, Azərbaycan şairi olduğunu çatdırmaq üçün. Və elə açılış mərasimində Alim Qasımovun beynin ən dərin qatlarını tərpədən səsiylə “Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” oxuması əsas dərdimizi unutmamağımıza işarədi. Əslində, elə ən böyük bacarıq da bu böyük dərdə, ədalətsizliyə baxmayaraq, ayaqda durmaqdı, yaşamaqdı, həyata davamdı, sabaha baxmaqdı, inkişafdı, “Avroviziya”da qalib gəlməkdi, I Avropa Oyunlarına ev sahibliyi etməkdi...

Bir neçə yarışı izləyən adam kimi onu da deməliyəm ki, oyunların ölkəmizdə keçirilməsinin hər cəhətdən faydası var. İnsanların idmana marağının artması, ailəsi, uşaqlarıyla oyunlara gəlməsi, idmançılarımıza azarkeşlik etməsi bir növ elə istirahətdi, gənc nəslin maariflənməsi, inkişafı üçün vasitədi. Gənclər demişkən, bu məqamda könüllülərin də xidmətlərini vurğulamaq yerinə düşər. Oyunlara gələnlərə, xüsusən də turistlərə yol göstərmə, yardım baxımından onların işi çox vacibdi, faydalıdı. Amma ən böyük fayda bu sayda gəncin tərbiyəsinə yeni “əlavələrin” olunmasıdı. Nəzakətli davranış qaydaları, dinləmək və düzgün yol göstərmək, bildiyini ifadə etmək - bütün bunlar aylardı ki, həmin gənclərdə aşılanır və heç şübhəsiz ki, bu hələlik kiçik bacarıqları gələcəkdə onların taleyində, karyerasında özünü göstərəcək.

I Avropa Oyunlarını bizlərdən ötrü əsl, bütöv bayrama çevirən isə idmançılarımızdır. Azərbaycan Avropanı təkcə gözəl paytaxtı, zəngin mədəniyyəti, qədim tarixi və bol, ləzzətli mətbəxi ilə deyil, həm də səriştəli, güclü, peşəkar idmançıları ilə qarşılayır. Hər gün azarkeşlik etdiyimiz müxtəlif idmançılarımızın uğurları bu yarışları daha da fərəhli, yaddaqalan edir. Hələlik ki, idman xəzinəmizə 13 qızıl artıran idmançılarımızın uğurları davam edir... İnanırıq ki, olimpiadanın sonuna doğru bu fərəhimiz, sevincimiz davamlı olacaq...

PƏRVİN,

"525-ci qəzet"