Cüdoda günü bir medalla bitirdik - yenilənib

Cüdoda günü bir medalla bitirdik -  yenilənib
1736 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı-2015 birinci Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanın medal ümidlərindən hesab edilən Nicat Şıxəlizadə turniri medalsız tərk edib.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo yarışlarında Azərbaycanın 66 kq-dək çəki dərəcəsindəki təmsilçisi, dünya çemponatının mükafatçısı, Avropa Kubokunun, eləcə də Böyük Dəbilqə və Qran-pri turnirlərinin qalibi N.Şıxəlizadə bürünc medal uğrunda Rusiya cüdoçusu Mixail Pulyayevlə qarşılaşıb.

Tatami üzərində gərgin mübarişə şəraitində keçən görüşdə Rusiya təmsilçisi 3 dəfə sio ilə cərimələnməsinə baxmayaraq, qarşılaşmanın əvvəlində əldə etdiyi bir vaza-ari xalı hesabına qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb. Nicat isə yarışı medalsız tərk edib.

Qeyd edək ki, bu gün Avropa Oyunlarının cüdo yarışlarında Azərbaycanın 8 təmsilçisi medal uğrunda mübarizəyə qoşulmuşdu. Onlardan Orxan Səfərov (-60 kq) yarışların yalnız finalında məğlub olaraq Avropa Oyunlarının gümüş medalını qazanıb.

Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 12-ci gümüş medaldır. Azərbaycan idmançıları ümumilikdə 44 medal əldə ediblər - 15 qızıl, 12 gümüş, 17 bürünc.

Qadın təmsilçilərimizdən – Leyla Əliyeva(-48 kq), Aişə Qurbanlı (-48 kq), Səkinə Zayirova (-52 kq), Kifayət Qasımova (-57 kq), kişi cüdoçularımızdan İlqar Müşkiyev (-60 kq) və Tərlan Kərimov (-66 kq) isə erkən mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.