Xəbər verdiyimiz kimi, Almaniya hökuməti özbək əsilli rusiyalı milyarder Əlişir Usmanova məxsus "Dilbar" adlı yaxtasına əl qoyub.
Axşam.az xəbər verir ki, məlum olub ki, yaxtada təxminən 5 milyon avro (8 milyon 554 min 463 manat) dəyərində 30 rəsm əsəri olub və onlar da müsadirə edilib. Bu barədə Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb. Müsadirə edilən sənət əsərləri arasında rəssam Mark Şaqallın tablosunun da olduğu bildirilib. Əsərlərin dəyərləri hələlik tam açıqlanmayıb.
Usmanovun nümayəndələrinin “Fontanka”ya verdiyi açıqlamada isə milyarderin bu aktivlərlə əlaqəsi inkar edilib:
"Sözügedən rəsmlər, eləcə də digər sənət əşyaları, evlər və yaxta Ə.Usmanova aid deyil. Onlar diskresiya trestlərinin mülkiyyətidir və cənab Usmanovun onlara nə nəzarəti, nə də benefisiar mülkiyyəti var".
Qeyd edək ki, qayıqın ümumi dəyəri 600 milyon dollardır.