"Bizə "Avroviziya"nın ataları deyirlər"

"Bizə "Avroviziya"nın ataları deyirlər"
823 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanı bu il "Avroviziya"  mahnı müsabiqəsində təmsil edəcək müğənnilər - Fəxri İsmayılov və İlkin Dövlətovla söhbət

- Fəxri bəy, bir neçə gün öncə doğum gününüzü qeyd etdiniz. Çox güman, ad günü tortunuzdakı şamı üfürəndə "Avroviziya"ya dair arzu tutmusunuz.

- Arzunu deməzlər axı. Qoyun gerçəkləşsin. Mən o xəyalı reallaşdırmaq istəyirəm (gülümsəyir).

- İlkin bəylə duet fikrinin sizə məxsus olduğunu eşidəndə xeyli təəccübləndim. Çünki elə bir mötəbər səhnədə təkbaşına ifa etmək şansı olduğu halda, birgə çıxış təşəbbüsü maraq doğurur.

Fəxri İsmayılov:

- Mən özümü sevən adamam, ancaq eqoist deyiləm. Düşünürdüm ki, İlkin muğam hissəsi ilə mahnını daha da gözəlləşdirəcək və biz ölkəmizi layiqincə təmsil etmiş olacağıq. Üstəlik, belə bir fürsəti yaratmaqla İlkini də xoşbəxt edə bilirəmsə, bu, mənim üçün də xoşbəxtlikdir. İlkin istedadlı insandır. Bundan əlavə, onun çox unikal enerjisi var. Hələ seçim turlarında tanış olduğumuz vaxt hiss etdim ki, mən bu adamla mütləq nəsə oxumalıyam. İlkini tanımaqla özümə qardaş qazanmışam. Burada eqoya yer yoxdur.

İlkin Dövlətov:

- Mən Fəxrini seçim turlarında tanımışam. Elə orada da bizim dostluq münasibətlərimiz yarandı. Gördüm ki, mənim qəlbimə, ruhuma yaxın insandır. Hələ onda mənə demişdi ki, bir mahnımda muğam hissəsi var, gələcəkdə istəyərəm ki, o mahnını birlikdə ifa edək. Ancaq mahnını göstərməmişdi.

İfaçılar var ki, illərdir sənətdədirlər, ancaq eqoları ucbatından heç bir ifaçıya dəstək olmurlar. Fəxrinin isə ürəyinin böyüklüyü onu "Avroviziya"ya tək getmək fikrindən daşındırdı. Belə ürəyə sahib insanlar çox azdır.

- İlkin bəy, necə oldu ki, seçimlərə qatılmağa qərar verdiniz?

İlkin Dövlətov:

- Birinci dəfədir seçimlərə qatılıram. "Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsindən sonra mənə çoxlu mesajlar gəldi ki, bu il "Avroviziya" seçimlərinə qatılmalısınız. Bu mesajlardan xeyli cəsarətləndim. İfaçının gücü dinləyicisindədir.

- Seçim turlarında əvvəlcə yalnız Fəxri bəy seçilmişdi. O dönəm üçün siz "Avroviziya"ya getmək şansını itirmişdiniz. Həmin dövrdəki düşüncələriniz maraqlıdır.

İlkin Dövlətov:

- Heç vaxt heç nəyə təəssüflənmirəm. Bir qapının bağlanması başqa bir qapının açılmasıdır. Həmişə məsələlərə bu cür yanaşmışam. Etibar Əsədli, Mila Miles və mən bir qrup olaraq seçimlərə qatılmışdıq. Onlar mənə deyirlər ki, içimizdə "Avroviziya"ya getməyi ən çox sən istəyirdin, nə yaxşı ki, sənə qismət oldu.

- Hələ erkən yaşlarınızdan müxtəlif mahnı müsabiqələrinə qatılmısınız. Ancaq sizin adınızı daha çox son bir-iki ildə eşitmişik. Sizi ləngidən səbəb nə idi?

İlkin Dövlətov:

- Mənə müsabiqələr oğlanı deyə bilərsiniz (gülür). Heç vaxt ruhdan düşməmişəm, dəfələrlə müsabiqələrə qatılmışam.

Mənim atam da xanəndədir, həmişə el şənliklərində iştirak edib. Gözümü açandan musiqinin içində olmuşam. Hələ kiçik yaşlarımdan el şənliklərində iştirak etmişəm. Toy da ifaçı üçün bir məktəbdir.

Musiqidə ilk müəllimim atam olub, Cəlilabaddan Bakıya gələndən sonra isə Teymur Əmrahdan və Zakir Əliyevdən dərs almışam.

Bəzən düşünürəm ki, bu yaşa qədər nələrsə edə bilərdim. Amma bir tərəfdən də fikirləşirəm ki, zaman bu zaman imiş. Demək ki, mən indiyə qədər hazır deyildim. Məhz bu dövrdə təcrübəmə güvənərək seçimlərə qatıldım. Əvvəllər bunu özümə rəva bilmirdim, çünki özümü hazır hiss eləmirdim.

- Fəxri bəy, ixtisasca hüquqşünassınız, hətta bu sahə üzrə magistr təhsili də almısınız. Musiqiyə keçid sizin üçün radikal qərar olmalıdır.

Fəxri İsmayılov:

- Bu, xəyalların arxasınca qorxusuz şəkildə getməyin nəticəsidir. Həyatımın bir mərhələsində anladım ki, xəyallarımı bir tərəfə atmışam. Düşündüm ki, bunun üçün həyat çox qısadır. Hüquq təhsili almaq asan deyil. Mən səfir də ola bilərdim, diplomat da. Sadəcə ruhum musiqini istəyirdi, bu, mənim uşaqlıq arzum idi. Hüquq təhsili aldığım üçün də peşman deyiləm.

- "Özünlə apar" mahnısı necə yazılıb?

Fəxri İsmayılov:

- Studiyadaydım. Birdən elə bir melodiya tapdım ki, məni əməlli-başlı apardı. Əvvəlcə bunun qeydini götürdüm, sonra qulaq asanda anlamağa çalışdım ki, mən orda nə demək istəmişəm. Onda anladım ki, bu, adi bir kommersiya mahnısı deyil, içimdəki hissləri ifadə edən mahnıdır.

Bu yaxınlarda eyni məhlədə böyüdüyümüz bir nəfər mənə yazmışdı. Deyir, yadındadır, 2008-ci ildə Elnurla Samir çıxış edəndə biz məhlədə pilləkənin üstündə oturub danışırdıq. Sən dedin ki, mən də "Avroviziya"ya getmək istəyirəm, özü də içində muğam olan bir mahnı ilə. Təsəvvür edin, mən bunu on üç yaşında arzulamışam. İllər sonra arzuma çatdım.

- Müsabiqədə ən çox hansı ölkənin çıxışlarını bəyənirsiniz?

Fəxri İsmayılov:

- İsveçrə, Belçika və Albaniya.

İlkin Dövlətov:

- San-Marino, Malta və Gürcüstan. Bu il rəqabət güclü olacaq, yaxşı ifaçılar və mahnılar çoxdur.

- Bəs sizin haqqınızda Avropada nə danışırlar?

İlkin Dövlətov:

- Avropada bizə "Avroviziya"nın ataları deyirlər.

- Niyə?

İlkin Dövlətov:

- Bığlarımıza görə (gülümsəyir).

- Şər deməsən, xeyir gəlməz. Birdən olmadı elə, oldu belə. Uğursuzluğa da hazırsınızmı?

Fəxri İsmayılov:

- "Avroviziya"da uğur qazansaq da, qazanmasaq da, artıq bizim ifamız sevilib. Həmişə intuisiyama güvənmişəm. Bu dəfə də intuisiyam gözəl şeylər olacağını pıçıldayır.

Mənbə: 525.az