Mərahim Fərzəlibəyovun 75 illiyi qeyd edildi - Fotolar

Mərahim Fərzəlibəyovun 75 illiyi qeyd edildi - Fotolar
337 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Bələdiyyə Teatrının baş rejissoru, Xalq artisti, “Şöhrət” ordenli Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, Teatrdan bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Mərahim Fərzəlibəyovun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Sənədli filmdə rejissorun birgə çalışdığı sənətkarlar Xalq artistinin fəaliyyətindən bəhs edib, onun yaradıcılığının milli teatr sənəti tarixində mühüm yer tutduğunu xüsusi olaraq vurğulayıblar.

Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyinin kollektivi adından rejissora ünvanlanmış təbrik məktubu oxunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov Mərahim Fərzəlibəyovun quruluş verdiyi tamaşalardakı rollarından danışıb.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov vurğulayıb ki, M.Fərzəlibəyov həyatını incəsənətə, milli teatra həsr edib: “M.Fərzəlibəyovun yubileyi teatr haqqında danışmaq, onun tarixini, görkəmli simalarını xatırlamaq üçün bir imkandır. O, rejissor kimi görkəmli rəssamlarla işləyib, görkəmli dramaturqların əsərləri əsasında tamaşalar səhnələşdirib. M.Fərzəlibəyov görkəmli dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 11 pyesi əsasında tamaşalar hazırlayıb".

Teatrşünas, professor Məryəm Əlizadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Dövlət Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digərləri M.Fərzəlibəyovu xoşbəxt rejissor kimi xarakterizə ediblər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı milli teatr sənətinin inkişafına verdiyi töhfəyə görə yubilyara "Milli Teatr Mükafatı”nı təqdim edib.