Hollivud ulduzu Şeron Stoun mərhum anası ilə münasibətlərindən danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı aktrisa "The Person Who Believed in Me" podkastında uşaqlıq illərinə dair səmimi etiraflar edib.
"Ondan bir dəfə də olsun "Səni sevirəm" sözünü eşitmədim" deyə, Stoun anası barədə danışarkən bildirib.
Aktrisanın sözlərinə görə, münasibətlərindəki problemlər atasının ölümündən bir neçə ay əvvəl valideynlərinin onun evinə köçməsi ilə daha da qabarıq şəkildə üzə çıxıb. O qeyd edib ki, anası özünü daim bacarıqsız hiss edir, bu isə onda qəzəb və narazılıq yaradırdı.
Şeron ailəsinə dəfələrlə həddindən artıq kömək etdiyini, lakin bunun əvəzində tez-tez mənfi münasibətlə qarşılaşdığını da etiraf edib.
Aktrisa eyni podkastda illər əvvəl yaşadığı zorakılıq hadisəsindən də söz açıb. O bildirib ki, evində arxadan zərbə alaraq huşunu itirib və özünə gəldikdə otağın dağıdılmış vəziyyətdə olduğunu görüb. Sonradan həkimlər onun döş qəfəsində bitişmiş sınıq aşkarlayıblar.
Stoun hadisəni törədən şəxsin adını açıqlamayıb və ona qarşı heç bir ittiham irəli sürmədiyini vurğulayıb.