Polşanın Vratslav Universitetinin alimləri sevgi münasibətləri ilə bağlı hamını təəccübləndirəcək sensasiyalı araşdırmaya imza atıblar.
Axşam.az xəbər verir ki, "Journal of Research in Personality" jurnalında dərc olunan bu qlobal tədqiqat çərçivəsində düz 74 ölkədən olan 41 606 nəfərin məlumatları təhlil edilib və insanları münasibətdə xoşbəxt edən əsas amillər üzə çıxarılıb.
Məlum olub ki, xasiyyətlərin eyni olması xoşbəxtliyə zəmanət vermir, çünki əsl xoşbəxtliyin sirri partnyoru idealizə etməkdə gizlənib. Alimlər müəyyən ediblər ki, əgər insan sevgilisini realda olduğundan daha mehriban, daha cazibədar və bütövlükdə daha mükəmməl görürsə, həmin münasibətlər daha uzunömürlü və ehtiraslı olur.
Lakin tədqiqat göstərir ki, əgər tərəfdaşların siyasi, dini və ya fundamental dünyagörüşü kəskin şəkildə fərqlənirsə, o münasibətin keyfiyyəti kəskin şəkildə aşağı düşür. Bu məqamda tərəflərdən kimin daha radikal baxışlara sahib olması heç bir rol oynamır, çünki alimlərin fikrincə, burada əsas dağıdıcı amil elə fərqliliyin özüdür.
Araşdırmanın digər diqqətçəkən tərəfi isə odur ki, bu məsələdə cinsiyyət fərqi, yəni iştirakçıların qadın və ya kişi olması nəticələrə elə də böyük təsir göstərmir. Münasibətlərin gedişatına fərdlərin cinsindən daha çox onların böyüdüyü mədəni mühit təsir edir, lakin coğrafiyadan asılı olmayaraq, hər kəs partnyorunda mehribanlıq, cazibədarlıq kimi cəmiyyət tərəfindən bəyənilən müsbət keyfiyyətləri görməyə daha çox can atır.
Yekun olaraq mütəxəssislər bildirirlər ki, sevgi münasibətlərində hamı üçün keçərli olan universal "özünə bənzəyəni tap" qaydası tamamilə yanlışdır. Münasibətin gələcəyi ümumi xarakter oxşarlığından yox, konkret olaraq hansı keyfiyyətlərdən bəhs edilməsindən asılıdır, çünki bəzi insanlar üçün sevgilisinə heyran olmaq yetərlidirsə, digərləri üçün mütləq şəkildə eyni dəyərləri və siyasi-dini baxışları bölüşmək həyati əhəmiyyət daşıyır.