Ötən həftə xalq artisti Aygün Kazımovanın vətəni tərk etməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, yorulduğunu deyən müğənni intahar belə etmək istədiyini yazıb.
Aygün Kazımovaya ilk dəstək yaxın dostu xalq artisti Faiq Ağayevdən gəlib. O, “Facebook” profilində sənətçi üçün bu sözləri yazıb:
“Bu, sadəcə fəryad idi. Haqsızlıqlara, ədalətsizliklərə, paxıllıqdan doğan təhqirlərə qarşı fəryad... O, heç vaxt təslim olmayacaq. Dediyimə yüz faiz əminəm. Çünki o, Aygün Kazımovadır. Məğlubiyyətə acizanə baş əymək onluq deyil. Yeni uğurların gözü götürməyənlərin vay-şüvənini üstələyəcək. Bunu bil.
Sən lazımsan, sevimlisən, güclüsən...
Səninləyəm dost”.
Aygün Kazımovaya dəstək olan sənətçilər arasında xalq artisti Nisə Qasımova da olub. O, müğənninin vətəni tərk etməyə mənəvi haqqının olmadığını deyib:
“Aygün Kazımova Azərbaycanı tərk etməməlidir. Buna onun mənəvi haqqı çatmır. Bu qədər sevənlərini atıb hara gedə bilər? Axı onun nə qədər uğurları var. Hansısa problem üzündən illərdir qazanılmış uğurlardan, sevgilərdən əl çəkib getmək olarmı? Ona görə də Aygünümüzə səslənirəm: yaşadığın səni üzən hər nə olsa da, əsla ruhdan düşmə. Allah həyatda hər insana bu qədər şans, uğur vermir, sənə verib. Bunların dəyərini bil. Sənin Azərbaycanı tərk etməyə ixtiyarın yoxdur. Çünki sən təkrarsız Aygün Kazımovasan. Mən Nisə Qasımova olaraq, hər an sənin yanında sənə dəstəyəm. Çünki sən dəstəyə, diqqətə, sevgiyə layiq güclü qadınlarımızdansan”.
Qeyd edək ki, Aygün Kazımova sosial şəbəkədə bu sözləri yazmışdı:
“Sevənlərimə bəd xəbər... Qəlbimdə ağrı-acılarla, dərd və qəmlə... Böyük bir həsrətlə, ana yurdumu, doğma məmləkətimi... Vətənimi tərk edirəm...
Bu haqsızlıqlara, təhqirlərə, şər və böhtanlara dözməyə taqətim, gücüm qalmadı. Dostlar qalmadı... Övladım olmasaydı, intihar belə edərdim... İnanın”.