Sevimli sənətkarımızın, Xalq artistinin xəstəxanaya yerləşdirilməsini eşidən kimi yollandıq Kliniki Tibbi Mərkəzə. Xəstəxanaya çatanda, öyrəndik ki, sevimli aktyorumuz artıq reanimasiyadan çıxarılıb və palataya yerləşdirilib.
Xəstəxananın II mərtəbəsində 2 nəfərlik bir palatada müalicə alan Siyavuş Aslan bizi görəndə, sevindi. Hiss olunurdu ki, tənhalıqdan darıxır. Lakin danışmaq istəsə də, dili söz tutmurdu. Həmişə səhnəni təlatümə gətirən Siyavuş Aslan indi qırıq-qırıq kəlmələrlə özünü babat hiss etdiyini dedi.
“Oğlum gəlir yanıma. Başqa heç kim gəlmir...”
Heç kim... Nə sənət dostları, nə mədəniyyət xadimləri. Indi Siyavuş Aslan öz pərəstişkarlarının, onu illərlə sevən insanların arasındadı. Onu səhnədən izləyənlər indi, yataqda olduğu bir vaxtda onunla bir yerdə mualicə alırlar, həkim müayinəsindən keçirlər. Amma illərlə çiyin-çiyinə işləyənlər, Siyavuş Aslan zirvədə olanda onunla çox şeyi paylaşanlar, və ondan çox şeyi öyrənib, səhnədə özlərinə ad qazananlar nə dahi aktyorun yatdığı xəstəxananın 2-ci mərtəbəsini, nə də onun xəstə, solğun simasını tanıyırlar.
Bir zamanlar mədəniyyətimizə böyük töhfə verən, lakin indi unudulan sənatkarın arzularını öyrənməyə çalışdıq. Çünki bir zamanlar Siyavuş Aslan ANS-ə müsahibə verərkən istəyini belə bildirmişdi:
“Hamı bunu pafoslu söz kimi qəbul edir. Amma mən hər gecə başımı yastığa qoyanda, Qarabaq torpaqlarının qaytarılmasını fikirləşirəm”. Siyavuş Aslana eyni sualı təkrar verdik. O isə belə cavab verdi: "İnsanın bir arzusu olar. Torpaqlarımızın qayıtmasını istəyirəm..."