Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Milli geyimli oğlanlar və qızlar ölkə başçısına bayram xonçası təqdim ediblər, Novruz bayramı münasibətilə təbriklərini çatırıblar.
İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
Sonra İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gediblər.
Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxıblar.
Dövlət başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış olublar.
Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinləyiblər, Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.
Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxıblar. Burada dövlət başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olunub.
İyunun 19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına bu gün düz üç ay vaxt qalır. Bununla bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda “Formula-1” əyləncə zonası yaradıb. Burada da İlham Əliyevə və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olunub. (AzərTac)