Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə - fotolar

Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə - fotolar
2087 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində "Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar şənliyin keçirildiyi əyləncə məkanına onlar üçün ayrılmış avtobuslarla gətiriliblər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılıb.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Bu proqram, sarayda qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bərbəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrdən heyrətlənən uşaqların sevinci hədsiz olub. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət olub. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı, Mehriban Əliyevanın ətrafına toplaşıblar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində olublar, onlarla birlikdə şənləniblər.