Qəbələdə mürəbbə festivalı keçiriləcək

Qəbələdə mürəbbə festivalı keçiriləcək
1594 dəfə oxunub
  • A-
  • A
  • A+
Son illər bir çox tədbirlərə ev sahibliyi edən Qəbələ sabah daha bir ilkə imza atacaq.

Axşam.az-ın məlumatına görə, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə iki gün ərzində ilk dəfə olaraq mürəbbə festivalı keçiriləcək. Bu məqsədlə Qəbələ rayonundakı “Qafqaz Resort Hotel”də festivala hazırlıq işlərinə başlanılıb. Layihənin ideya rəhbəri “Qafqaz Resort Hotel”in icraçı meneceri Ali Çaylakdır. Onun sözlərinə görə, türklər mürəbbədən yalnız səhər yeməklərində istifadə etdikləri halda, azərbaycanlıların çay süfrəsi bu nemətsiz olmur:

“Düşündüm ki, niyə Azərbaycanda belə bir festival keçirilməsin? Fikrimi Mədəniyyət və Turizm Nazirliyinə bildirdim, cavab müsbət oldu. Açığı, çox həyəcanlıyam. Belə bir tədbirin təşkili mənim üçün böyük məsuliyyət deməkdir”.

Qeyd edək ki, Azərbaycanın bütün bölgələrindən gələcək mürəbbə bişirənlər burada ən gözəl əl işlərini sərgiləməklə yanaşı satış-yarmarkada da iştirak edəcəklər.
 
Festival yarış şəklində keçiriləcək. Bunun üçün 6 nəfərdən ibarət xüsusi komissiya da yaradılıb. Komissiya tərəfindən isə 10 nəfərdən ibarət münsiflər heyəti seçiləcək. Münsiflərin rəyi ilə xalqın gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan iştirakçılar 3 nominasiya üzrə qalib elan olunacaq, onlara pul mükafatı və qiymətli hədiyyələr veriləcək.

Qeyd edək ki, əsl xalq bayramı kimi keçiriləcək bu festivalın informasiya dəstəkçisi “Formaggio” qida jurnalıdır.