Anar "Eurovision"ı tənqid etdi: "Dianaya haqsızlıq olundu"

Anar "Eurovision"ı tənqid etdi:  "Dianaya haqsızlıq olundu"
3114 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2017” mahnı müsabiqəsində stilist olaraq Ukraynaya gedən Anar Ağakişiyev qayıtdıqdan sonra yarışma təəssüratlarını bölüşüb.

Axşam.az-ın məlumatına görə, o, təmsilçimiz Diana Hacıyevaya qarşı haqsızlıq edildiyini söyləyib:

“İlk üçlükdə yer alan ölkələrin seçimi haqlı idi. Amma Dianaya bir az haqsızlıq olundu. Mahnı gözəl idi, tutduğu yer aşağı. Portuqaliya və digər dövlətlərin tanıtımları daha güclü qurulmuşdu. Ona görə də bizim təmsilçimiz geridə qaldı. Səhnə performansını əməkdar artist Nailə Məmmədli hazırlamışdı, mahnını İsa Məlikov yazmışdı. Mahnıda öz ab-havamızın olması xoş idi. Diana favoritlər sırasında yer alırdı. Məşqlər zamanı onu hər kəs dəstəkləyirdi. Hər zaman “Eirovision” səhnəsində işıqlar, 3D effektleri görməyə alışmışıq. Amma bu dəfə Diana fərqli bir səhnə nümayiş etdirdi. Onun performansı əsl tamaşa idi.

Tamaşaçıya mahnıdan əlavə təmsilçinin hekayəsi maraqlıdır. Portuqaliya təmsilçisinin hekayəsi var idi. Onlar tamaşaçını inandırırdılar ki, qalib oğlanın ürək xəstəliyi var və o donor növbəsindədir. Onun məşqlərdə belə mahnısını bacısı oxuyurdu. Guya buna yük düşür. Eyni zamanda Salvador Sobral miqrantlara dəstək olurdu. Mahnıda da bu mesajı verirdi. İkinci olan Bolqarıstan və üçüncü yeri tutan Moldova təmsilçinin də mahnısında hekayə var idi. Onların müsbət tərəfi bu oldu. Düşünürəm ki, gərək Diana da özü üçün maraqlı hekayə düşünərdi. Mahnı cavabsız sevgidən bəhs edirdi. Gərək müsahibələrində həyatı ilə bağlı sevgi hekayəsi danışardı".



A.Ağakişiyev Diananın saç düzümü və makiyajından söz açıb:

“Mən Diananı makiyaj etməmişdim. Vokalistlər və rəqqasların makiyajı ilə məşğul idim. Mən komandaya daxil olanda, artıq Diananın makiyaj və saç düzümünün planı hazır idi. Təmsilçimizin geyimi son dəbə uyğun idi. Həm də bu stil Diananın oxuduğu tərzə uyğundur. Bu yarışmada məncə açıq-saçıq geyim heç bir faktor daşımır. Yarımfinalda Makedoniya təmsilçisi o qədər açıq-saçıq geyinmişdi ki... Polşa təmsilçisinin bir ayağı lüt idi, elə bil çimərlik geyimində çıxmışdı".

Stilist səhnəarxası məqamlardan söz açıb:

"Bir neçə ildir bədxah qonşulardan geridə qalırıq. Bu il onları 4 pillə irəlilədik. Mənim üçün bu çox sevindirici haldır. Bütün ölkələrin təmsilçiləri Dianaya gözəl münasibət bəsləyirdi. Hətta çoxları deyirdi ki, kaş Azərbaycan qalib gəlsin, gələn il orada keçirilsin. Komandalar bizim ölkədə keçirilən "Eurovision" müsabiqəsini tərifləyirdilər. Deyirdilər ki, sizdə hər gün dörd dəfə pulsuz yemək verilirdi. Ukraynada isə hər kəs yeməyi öz pulu ilə alırdı. Təşkilatçılıq çox zəif idi".