XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyi və doğum günü ilə əlaqədar şairin Bakıdakı büstü ziyarət olunub.

Axşam.az-ın məlumatına görə, anım mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Mikayıl Müşfiq qısa ömür yaşasa da, özündən sonra böyük iz qoyub.

Vurğulanıb ki, prezident İlham Əliyevin sərəncamı ilə bu il şairin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Nazirin birinci müavini onu da diqqətə çatdırıb ki, Müşfiqin xatirəsinin əbədiləşdirilməsi məqsədilə adına küçə, qəsəbə verilib, oxuduğu 18 saylı orta məktəb şairin adını daşıyır. Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Xızıda xatirə muzeyi yaradılıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışı zamanı bildirib ki, bu gün 110 yaşlı gənc Müşfiqin xatirəsi yad edirlir:

“Coşqun qəlbi yazıb-yaratmaq eşqi ilə çırpınan Müşfiqin yubileyi ilə əlaqədar dövlət başçısının sərəncamı şairin ruhuna ən böyük ehtiramdır. Bu yubiley poeziya bayramına çevriləcək. Çünki Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar”.

Tədbirdə Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yazıçılar Birliyi, ictimaiyyət nümayəndələri, şairin ecazkar poeziyasının pərəstişkarları iştirak edib.





                   

Digər Xəbərlər