Filmimiz Kanadada Azərbaycanı təmsil edəcək

Filmimiz Kanadada Azərbaycanı təmsil edəcək
353 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Media Mərkəzi tərəfindən istehsal olunan, Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” bədii-sənədli filmi Kanadada keçiriləcək 9-cu Kalqari Avropa Film Festivalında (Calgary European Film Festival) ölkəmizi təmsil edəcək.

Axşam.az xəbər verir ki, noyabrın 7-dən 15-dək davam edəcək film festivalı çərçivəsində ümumilikdə 20 Avropa ölkəsindən məşhur filmlərin izləyicilərə təqdim olunması nəzərdə tutulur. Festivalın rəsmi saytında “Miras” bədii-sənədli filmi haqqında ətraflı məlumat yerləşdirilib.

(https://calgaryeuropeanfilmfestival.ca/2020-films/miras/

Xatırladaq ki, Bakı Media Mərkəzinin istehsal etdiyi “Miras” filminin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir. Bakı Media Mərkəzinin əməkdaşı Zaur Qasımlının rejissoru olduğu ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur. Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır. “Miras” filmində həmçinin Nobel qardaşları tərəfindən "qara qızıl"a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur. Filmlə əlaqədar Nobellər ailəsinin üzvləri Piter Nobel ( Robert Nobelin nəticəsi), Tomas Tiden (Lüdviq Nobelin nəticəsi, professor) və tanınmış ekspertlər Villiam Brays ( ABŞ Neft tarixçisi) və Brita Asbrink (İsveç yazıçısı, jurnalist) özəl müsahibələr alınaraq filmdə geniş istifadə olunub.

Məlumat üçün deyək ki, “Miras” bədii-sənədli filmi sərbəst baxış üçün Bakı Media Mərkəzinin rəsmi “YouTube” səhifəsində də geniş izləyici auditoriyasına təqdim olunub.

Link: https://www.youtube.com/watch?v=AIpais28Zlw