Tağıyev haqda film beynəlxalq festivalda sertifikat aldı - Fotolar

Tağıyev haqda film beynəlxalq festivalda sertifikat aldı - Fotolar
344 dəfə oxunub
  • A-
  • A
  • A+

“100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” adlı sənədli filmi ABŞ Nümayəndələr Palatasının konqresmeninin təşkilatçılığı ilə keçirilən “Broadway Beynəlxalq Film Festivalı 2020”də tanınma sertifikatına layiq görülüb.

Axşam.az "AzərTac"a istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının konqresmeni Cimmi Qomesin imzaladığı sertifikatda ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun əməyini yüksək qiymətləndirib.

Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 11 beynəlxalq film festivalında uğur qazanıb.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib:

“Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığmışdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin qəhrəmanına çevriləcək”.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf etdiyini bildirib.

C.Qasımov söyləyib ki, filmin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür:

“Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ssenarisi üzərində üç ildən çoxdur işlədiyini söyləyən C.Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatların onda əminlik yaratdığını vurğulayıb:

“Elə bu məqsədlə 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. Bütün bunlar əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub”.