Anar Kərimov ICESCO-nun Baş direktoru ilə görüşüb - Fotolar

Anar Kərimov ICESCO-nun Baş direktoru ilə görüşüb - Fotolar
299 dəfə oxunub
  • A-
  • A
  • A+

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı – ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfər gəlib.

Mədəniyyət Nazirliyindən Axşam.az-a bildirilib ki, yanvarın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir son dövrdə ICESCO-da həyata keçirilən islahatları alqışladığını və Azərbaycanın da bu istiqamətdə həmrəylik göstərəcəyini diqqətə çatdırıb.

Nazir, həmçinin ICESCO Baş direktorunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü və işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq missiyanın ilk səfəri olacaq. “Biz istəyirik ki, ICESCO missiyası bu səfər zamanı gördükləri ilə bağlı obyektiv hesabat hazırlasın” – deyə nazir vurğulayıb. 

ICESCO-nun obyektiv mövqeyinin Azərbaycan tərəfindən yüksək dəyərləndirildiyini deyən Anar Kərimov təşkilatın ölkəmizin haqlı mövqeyini paylaşdığına görə təşəkkür edib. Bildirib ki, biz  ICESCO-nun mədəni irsin qorunması sahəsində səylərini yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığı davam etdirmək, həmçinin kreativ sənayenin inkişafında bərabər səylər göstərmək istəyirik. Eyni zamanda Azərbaycan ICESCO arasında mədəniyyət, təhsil və elm sahəsində nazirliyin yanında fəaliyyət göstərən ICESCO üzrə milli komissiyanın tövhələrini artırmaqda davam edəcəyik.

Salim əl-Malik ölkəmizə səfərindən məmnunluğunu bildirərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ICESCO-nun beynəlxalq hüquqa xüsusi ilə də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını və suverenliyini daima dəstəklədiklərini və müharibə zamanı da eyni mövqedən çıxış etdiklərini ifadə edib.

Salim əl-Malik əlavə edib ki, belə bir tarixi zamanda ICESCO ilə Azərbaycan arasında uzun illərdir davam edən dostluq və əməkdaşlığı davam etdirmək, qarşılıqlı şəkildə genişləndirmək və dəstəkləmək lazımdır. O, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb və bildirib ki, ICESCO bu istiqamətdə də öz dəstəyini davam etdirəcək.

Anar Kərimov ölkəmizlə bağlı xoş sözlərinə görə təşəkkürünü bildirərək ICESCO ilə bir sıra istiqamətlərdə əməkdaşlıq etdiyimizi, bu əməkdaşlığın mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində də çox uğurla davam etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2011-ci ildə əsası qoyulan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaş beynəlxalq təşkilatdan biri də ICESCO-dur və biz bu tərəfdaşlığın yeni Baş direktorun dövründə də davam etdiriləcəyinə əminik.

Nazir ICESCO ilə daha bir əməkdaşlıq istiqaməti kimi rəqəmsal texnologiyaların mədəniyyət sahəsində tətbiqi ilə bağlı birgə startap layihəsini həyata keçirməyi təklif edib.

Yanvarın 12-də ICESCO heyəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarına səfər edəcək.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə ICESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.

ICESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.