İftar süfrəsinə hazırlaya bilərsiniz

İftar süfrəsinə hazırlaya bilərsiniz
1259 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az iftar süfrəsinə hazırlaya biləcəyiniz reseptlər təqdim edir:

Tadcin

Ərzaqlar:

Mal əti – 500 qr.
Kartof – 500 qr.
Lobya – 500 qr.
Pomidor – 2 ədəd
Cəfəri – 1 dəstə
Sürtgəcdən keçirilmiş soğan – 1 ədəd
Limon – yarım ədəd
Zəfəran – 1 ç/q.
Sarıkök – 1 ç/q.
Zirə – 1 ç/q.
Bitki yağı – 100 ml.
Duz və istiot zövqə görə
 
Hazırlanması:
Saxsı qaba sümüksüz, doğranmış mal ətini qoyub, üzərinə soğan, sarıkök, doğranmış pomidor düzüb, üstünə zəfəran və istiot səp. Yağ və 1 stəkan su əlavə edib, ət yumuşalana qədər vam odda bişir. Əgər suyu qurusa, əlavə edə bilərsən. Kənarda kartofu və lobyanı təmizləyib, doğra. Ət yumuşalana yaxın lobyanı yeməyə əlavə et. 10 dəqiqədən sonra isə kartofu tök. Kənarda limonun sıxıb, şirəsini çıxart, cəfərini isə xırda doğra. Yemək hazır olanda duz, cəfəri və limon şirəsini əlavə edib, 5 dəqiqə odda saxladıqdan sonra götür. Çalışın, yemək yağa «düşsün».

Qozlu qutab

Ərzaqlar:
 
Xəmir üçün:
Un – 6 st.
Yumurta – 2 ədəd
Sarıkök – 1/3 ç/q.
Duz – bir çimdik
Maya – 1 ç/q.
Su – 2 st.
Yuxaları yaymaq üçün un
 
İç üçün:
Şəkər tozu ilə qarışdırılmış qoz – 5 st.
İçliyə zövqə görə hil və vanil tökə bilərsiniz.
 
Qutabları qızartmaq üçün bitki yağı
 
Hazırlanması:
Yumurta və mayadan ibarət xəmir hazırlayıb, acıyana qədər saxla. Acıdıqdan sonra balaca kündələr edib, yuxa yay. Yayılmış yuxaları tavada azca təpid. Haxırt təpitmələri 5 sm. eninə kəs. İçərisinə qozlu qarışıqdan qoyub, üçkünc formada (şəkildəki kimi) bük. Sonra qutabları bitki yağında qızart.

"Nağıllar aləmi" salatı
 
Ərzaq:
Hisə verilmiş toyuq – 200 qr.
Qara gavalı qurusu – 70 qr.
Yumurta – 3 ədəd
Pendir – 100 – 150 qr.
Göbələk – 150 qr.
Soğan – 1 ədəd
Sarımsaq – 1 diş
Fındıq – 50 qr.
Mayonez
Duru yağ
Duz, istiot zövqə görə
 
Üstünü bəzəmək üçün:
Qırmızı bibər
Nar dənələri
Cəfəri və şüyüd
 
Hazırlanması:
Toyuğu dördkünc şəkildə doğra. Pendiri və fındığı sürtgəcdən keçirt. Bişmiş yumurtanın ağını sarısından ayırıb, xırda doğra. Sarının birini salatın üzərini bəzəmək üçün saxla. Qara gavalını yuyub, 20 dəqiqə isti suda saxladıqdan sonra doğra. Doğranmış soğanı və göbələyi duru yağda qızart. Sarımsağı əzib, mayonezlə qarışdır.
Bişmiş göbələyi qaba yayıb, üzərinə mayonez çəkib, azca fındıq tök. İkinci qata yumurta sarısı, üzərinə pendirin yarısını, mayonez və fındıq əlavə et. Sonra toyuğu töküb, mayonez çək. Sonuncu qata pendir və yumurta ağı töküb, üstünə mayonez sürt. Salatın üstünü nar dənələri, keşniş, cəfəri və bibərlə bəzədikdən sonra 3 saat soyuducuda saxla.