Son vaxtlar dəridə yaranan irinli şişlər nədir?

Son vaxtlar dəridə yaranan irinli şişlər nədir?
5100 dəfə oxunub
  • A-
  • A
  • A+
Son vaxtlar orqanizmdə müxtəlif növ şişlərin yaranması çoxalıb. Bunlardan biri də ateromadır. Ateroma nədir və digər şişlərdən nə ilə fərqlənir?

"İstanbul NS" klinikasının peşəkar həkimi, estetik-dermatoloq Gülnarə Quliyeva Axşam.az-a açıqlamasında ateroma ilə bağlı məlumatlar bölüşüb. Gülnarə Quliyeva bildirib ki, ateroma piy vəzinin düyünü, dermoid kistdir:

"Ateroma - piy vəzi axacağının hər hansı bir səbəbdən (qopmuş dəri pulcuqları, çirk, tük follikulunun deformasiyası, hormonal disbalans, anti-gigienik qulluq, axacağın daralması, genetik meyillilik və s.) tıxanması nəticəsində əmələ gələn şişəbənzər dəri törəməsidir. Ateroma bədənin tük inkişaf edən bütün səthində, xüsusilə də baş dərisində, alın, boyun, kürək, dodaq ətrafında, qasıq nahiyəsində əmələ gələ bilər. Bu sərt birləşdirici toxumadan təşkil olunmuş fibroz kapsulun içərisində sarı, bəzən ağımtıl və ya tündləşmiş rəngli, qatı və ya axıcı maye şəklində, bəzən çürüntülü, bəzən isə kalsinatlı möhtəviyyatı (dəri piyi, yəni neytral yağ, skvalen, xolesterin, efir lifləri, ölmüş epidermis hissəcikləri, keratin zülalının və s. toplusu) olan xoşxassəli törəmədir…

 

Praktik olaraq həm kiçik, həm də böyük ölçülü (hətta giqant) ateromalar müşahidə olunur. Bədxassəli törəməyə çevrilmə xüsusiyyətinə demək olar ki, malik olmayan və əksər hallarda uzun müddətdə böyüyən bu törəmələr sadəcə estetik (kosmetik) deffekt sayılır. Tək və ya çoxsaylı ola bilər. Müalicəsi kistin kapsulunun daxili möhtəviyyatı ilə birlikdə çıxardılmasından və yaranma səbəbinə əsasən analoji profilaktik tədbirlərdən ibarətdir.

Dəri insan orqanizminin ən böyük orqanıdır və gözlə göründüyü üçün səthində baş verən ən kiçik dəyişikliyə belə diqqətli yanaşmaq ilkin etapda diaqnozun qoyulmasında və müalicəsində çox önəmlidir".

Mülaicəsi necə aparılmalıdır?

Gülnarə Quliyeva bildirib ki,həmin şişlər yüngül kəsik vasitəsilə dəridən götürülür:

"Törəmə üzərindəki dərinin düyünün həcminə uyğun ölçüdə kəsik aparılması və kapsulun çıxardılmasından ibarətdir. Bəzi hallarda uzun illər mövcud olan böyük ölçülü düyünlərin səthindəki dəri öz elastikliyini itirə və ya başın tüklü hissəsində tük follikulları məhv ola bilər. Nəticədə boşalmış əlavə, yəni lazım olduğundan artıq dəri və ya ocaqlı alopesiya yaranır. Belə hallarda əlavə dəri də rezeksiya olunur və tikiş qoyulur. Məqsəd estetik görüntü, yəni hamar dəri səthini bərpa etməkdir. Tam ağrısız və steril şəraitdə icra olunan tək seansa arzuolunmaz bir və ya bir neçə ateroma kapsulunu çıxartmaq mümkündür. Biz bir prosedur zamanı irili-xırdalı ən çox 7 kapsul xaric etmişik".