İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov ənənəvi medianın gələcəyi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Axşam.az xəbər verir ki, o, bu barədə Real TV-də yayımlanan "Media Masası" verilişində danışıb. B.Qasımov bildirib ki, sosial medianın sürətli inkişafı ənənəvi media üçün ciddi çağırış yaradıb:
"Problemləri etiraf edib, qəbul etmək lazımdır. Dünyada ənənəvi media qarşısında böyük bir çağırış var. Bu da sosial şəbəkələrin sürətlə inkişafı ilə bağlıdır. əgər bu problemi görmürüksə və deyiriksə, gündən-günə inkişaf edirik. Televiziya son 10 ilini yaşayır. Ənənəvi formatda. Bizim öyrəşdiyimiz televiziya dörbucaqdır: televiziya qoşulur, informasiyanı televiziya, radio və ya qəzetlə alırdıq. Harda olurduqsa olaq oyun, xəbər izləmək üçün evə tələsirdik. Uzun illər televiziya və ənənəvi medianın monopoliyası var idi. Bu gün isə artıq o monopoliya yoxdur. İndi sosial şəbəkələr var. Televiziyalar çox vaxt sosial şəbəkələrdə və ya saytlarda yayılan xəbərləri təsdiqləyir. Çünki tamaşaçı ənənəvi olaraq televiziyaya etibar edir. Bu isə yenilik olmur. Funksiyamız təsdiqetmədir".
İTV rəhbəri etiraf edib ki, özü də televiziya proqramlarını daha çox sosial media vasitəsilə izləyir. Balakişi Qasımov hesab edir ki, ənənəvi televiziya formatı son dövrünü yaşayır:
"Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya "Titanik" gəmisi kimi batır. Biz batırıq".
O əlavə edib ki, çıxış yolunu televiziyaların rəqəmsal transformasiyasında görür.
"Bizim növbəti bir neçə illik planımız öz platformamız üzərində işləməkdir. Platformalardan biri xəbər, digəri isə əyləncə yönümlü olacaq" deyə, B.Qasımov bildirib.