Axşam.az dünyanın ən böyük sərgisi olan "Expo 2020"də çəkiliş edib. 190 pavilyondan ibarət olan şəhərcikdə ölkələrin bir-birindən maraqlı görüntülər yer alıb.
Dubayda keçirilən "Expo 2020"də eyni zamanda Azərbaycan pavilyonu da yer alıb. “Gələcəyin toxumları” mövzusu ilə sərgidə çıxış edən və "Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır" konsepsiyasını özündə əks etdirən bu pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir.
Pavilyonlarda ölkələr eyni zamanda milli mətbəxlərindən təamlar da ziyarətçilərə təqdim edirlər. Sərgidə pavilyonlarla yanaşı şoular da nümayiş olunur. "Ağılları birləşdirmək və gələcəyi qurmaq" devizi ilə keçirilən sərgini gün ərzində minlərlə şəxs ziyarət edir.
Qeyd edək ki, "Expo 2020"nin keçirildiyi məkanın hazırlanmasına xərclənən məbləğlə bağlı ərəb mediasında bir neçə rəqəm açıqlanıb. Bəzi mənbələr bunun üçün 8,17, bəziləri isə 8,9 milyard dollar xərcləndiyini yazıb.
Ötən ilin oktyabrın 1-dən start götürən sərgi 2022-ci ilin mart ayının 31-dək davam edəcək.
Zəhra Əhmədova