"Bu azadlıq məni boğur" - Azər Qərib anasından yazdı

"Bu azadlıq məni boğur" - Azər Qərib anasından yazdı
3922 dəfə oxunub
  • A-
  • A
  • A+

"Mən uzaq səfərə çıxanda anam həmişə nigaran olurdu, bütün analar kimi. Amma son illər bu nigaranlığa qorxu da əlavə olunmuşdu. Qocalmışdı, ağrayırdı, qorxurdu ki, bir şey olsa,uşağlarından heç kim yanında olmayacaq. Ona görə uzun səfər olanda ya bacım, ya qardaşım xaricdən gəlirdilər ki, anam bir az rahat olsun. Amma qısa səfərlərimdə tək qalırdı, çox narahat olurdu, gözlərində qorxunu gizlədə bilmirdi".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Azər Qərib sosial şəbəkədə yazıb. O, ötən ilin yanvarında vəfat edən anasının ad günü olduğunu bildirib:

"Deyirdim, "Ay ana, nəvələrin burada, sənə baxan xanım yanında, bütün şərait var, darıxma, tez gələcəm, heç hiss etməyəcəksən". Oralara çatan kimi və buralara qayıdan kimi ilk zəngim isə ona olurdu. Hər gün də oralardan zəng edib hal-əhval tuturdum, öz növbəmdə mən də çox nigaran olurdum. İndi isə azadam, nə gedəndə zəng etməliyəm, nə gələndə, nə vaxt istəyirəm gedirəm, nə vaxt istəyirəm gəlirəm. Azadlıq, bir sözlə. Amma bu azadlıq məni üzür, boğur məni, çox darıxıram anam üçün. Atam ki, çoxdan dünyasını dəyişib, həsrət qalsa da, ağrı çəkilib bir qədər. Amma anam iki il əvvəl getdi, 31 dekabrda, qapanmanın ən qəddar günlərində, heç yas da verə bilmədik. Bakıdan gedib Qəbələdə dəfn etmək üçün xüsusi icazə almışdım. Bu gün doğum günüdür. Qalsaydı, 86 yaşı olardı. 45 yaşında ərini itirdi, üç uşaq böyütdü, son gününə qədər də saçlarına rəng vurmadı, atamın xatirəsinə sadıq qaldı. Çox əziyət çəkdi bizi ayaqüstə qaldırana qədər. Amma digər tərəfdən bir az rahatam ki, zəhmətinin bəhrəsini, övladlarının uğurlarını, nəvə toyu, nəticə gördü. Biz isə ona dünyanı görməyə köməkilk etdik, Parisdən tutmuş Vaiınqtona qədər gəzdi. Ana, Allah sənə rəhmət etsin. Bəlkə də oradan baxıb oxuyursan bu sözləri. Bil ki, biz ömürboyu sənə borcluyuq".