"Həmişə öpüşə hazır vəziyyətdə idi" - Çingiz Abdullayev

"Həmişə öpüşə hazır vəziyyətdə idi" - Çingiz Abdullayev
2468 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıya və Bakı mətbəxinə bağlı olan xalq yazıçısı, “Şöhrət” ordenli Çingiz Abdullayev yemək zövqündən danışıb.

Axşam.az yazıçının "Formaggio" jurnalına müsahibəsini təqdim edir:

- Kamil insan üçün kitab ruhun qidasıdır. Əfsuslar olsun ki, son illər ruhu ac, mədəsi dolu insanların sırası daha da artır.

- Belə insanlara çox yazığım gəlir. Adam var, deyir, “mənim ömrüm 1 dəqiqə kimi keçdi”. Soruşuram ki, axı niyə ömrünüzü hədər yaşadız ki? Əksər insanlar qidalanmaq və qadınla görüşməklə illərini hədər keçirir. Kitab oxumurlar, muzeylərə getmirlər. Bu gözəl dünyaya gəlib, onun gözəlliyini dərk etmirlər. Hər şey bazarla bitmir. İnsan çox pul istəyəndə Allah ona pul verir, amma ən dəyərli nəyisə alır.
 
- Amma sizin timsalınızda bu fikirlə razılaşmıram. Məncə, Allah sizə hər şeyi verib. Bu da yəqin daxili paklığınızdandır.

- (gülür) Mənim özüməməxsus həyat qanunlarım var. Ömrümdə dostumu satmamışam, öz əqidəmdən dönməmişəm. Heç kəs məndən küsülü qalmayıb. Bəlkə də çox qadını aldatmışam, amma incitməmişəm. Hərdən Anarla mübahisə edirik. O, deyir ki, pis adamlara da yaxşılıq etmək lazımdır. İnsan pislik etməkdən yorulmursa, sən niyə yaxşılıq etməkdən yorulmalısan?! Bu, Anarın prinsipidir. Amma mən razı deyiləm. Konfutsi isə deyir ki, sən pisliyə yaxşılıqla cavab verirsənsə, bəs yaxşılığa necə qiymət verəcəksən? Yaxşılığa yaxşılıqa cavab ver, pisliyə isə ədalətlə...

- Həyat yoldaşınız sizə ən çox nəyi irad tutur?
 
- Ümumiyyətlə, mən nəsə yazanda o əsəbiləşir. Heç vaxt yazıçı olmağımı istəməyib. Biz bir-birimizi uşaqlıqdan tanıyırıq. Həmişə deyib ki, gərək elə öz ixtisasın üzrə işləyib, hüquqşünas olaydın. Çünki görür ki, hərdən az qala kompüterin arxasında yatıram, 20-25 saat yazı yazmaq asan deyil. Nə edim? Bu da mənim qazanc yerimdir. Hamı bilir ki, nə restoranım, nə də mağazalarım var. Bütün gəlirim kitab və kinossenarilərdən çıxır.
 
- Milyonlarla xanım oxucusu olan bir yazıçı kimi yəqin ki, evinizdə qısqanclıq səhnələri yaşanır...

- Qətiyyən. Yoldaşım qısqanc deyil. Olub ki, yanımdan keçən qız cibimə məktub atıb, yoldaşım tapıb verib mənə... Bu, məgər sevgidir? Mən bilirəm ki, tanınmış kişini sevmək nədir... Müslüm Maqomayevin keçdiyi yerləri, ayaq izlərini, maşınını öpən qadınları, qızları görmüşəm. Və bilirəm ki, mən o dərəcədə sevilə bilmərəm.
 
- Təvazökarlıq edirsiniz... Çünki şahidlər başqa hadisələr danışırlar...

- (gülür)... Onda qoy birini də mən danışım. 5 il bundan əvvəl böyük nümayəndə heyəti ilə Sankt-Peterburqa getmişdik. Anar, Fərhad Bədəlbəyli, mən və başqa yoldaşlar restoranda oturmuşduq. Birdən zala Moldaviyanın nümayəndəsi olan çox gözəl bir xanım daxil oldu. İnanın, qadın elə gözəl idi ki, yemək yaddan çıxdı, ancaq ona baxmağa başladıq. Anar dedi ki, belə gözəl qadını kinoya çəkmək lazımdır. Fərhad dedi ki, mən onun adını soruşmasam, ürəyim partlayar. Durub yaxınlaşdı xanıma ki, siz elə gözəlsiniz, bizim kişilərimiz yemək yeyə bilmirlər. O da soruşub ki, siz haralısınız? Fərhad «Azərbaycandan» deyən kimi, həmin xanım qayıdıb ki, mən sizin yazıçı Çingiz Abdullayevə neçə illərdir ki, vurğunam; onu görmək istərdim. Bir də gördük Fərhad kor-peşman yaxınlaşdı. Dedi ki, ömrümdə birinci dəfədir ki, sənin kimi keçəl olmamağıma təəssüflənirəm; yoxsa deyəcəkdim ki, “Çingiz Abdullayev mənəm”. Qalxıb xanıma tanışlıq verdim, çox sevindi. Sonra mənim ad günümdə həmin qadın zəng vurdu. Yoldaşım da yanımda idi. Təəccüblə baxdı ki, sən hələ qıza nömrə də vermisən? Bəs deyirdin yalnız tanış olduq?! Belə şeylər çox olub. Amma indi 14 yaşlı oğlan kimiyəm, qadınlardan qorxuram.
 
- Babək Xürrəmi oğluna deyirdi: “Mən tuluqda zeytun yağı satan kişinin oğlu idim, sənsə Babəkin...” Övladlarınız sizin adınızdan heç sui-istifadə ediblərmi?

- Heç vaxt! Qızım 14 yaşında mənim kitablarımı oxuyub deyirdi ki, ata oradakı qəhrəman sənə bənzəyir. Deyirdim ki, o mənəm də. Deyirdi, axı sən o qədər ağıllı deyilsən?! (gülür) Onlar heç vaxt mənim adımdan istifadə etmədilər. Övladlarımın ikisi də dünyanın ən birinci universiteti olan “London School of Economics and Political Science”də təhsil alıblar. Fransızca imtahandan 7 alan ilk azərbaycanlı mənim qızım olub. Hazırda 5 dildə - ispan, ingilis, italyan, fransız dilində təmiz danışa bilir. İkinci 7 qiymətini alansa oğlumdur. Qızım bitirib, oğlumsa hələ oxuyur. İndiyənə kimi heç bir azərbaycanlı o universiteti oxuyub qurtara bilməyib.
 
- Bəs yazıçılıq genləri... Nə əcəb yazıb-yaratmağa meyillənmədilər.

- Çox şükür ki, övladlarımın heç biri yazıçı olmadı. Çünki bu sahə çox çətindir. Dünyada yeganə azərbaycanlı yazıçı bir nəfərdir ki, kitablarına görə normal məbləğdə pul alır – o da sizinlə qarşı-qarşıya əyləşib. Qızımın gözəl rəssamlıq qabiliyyəti var. Əsərlərini xaricilər alıblar. Bu yaxınlarda ailə qurub, Londonda yaşayır.
 
- Elə sirlər var ki, insan onu ən doğma adamına belə açmır. Bu baxımdan yəqin bəxtiniz gətirib. Məncə, əsərləriniz sirr ortağınızdır...

- Qans Fallada yazmışdı: hər kəs tənha ölür. Və hər kəsin qəlbində bir qəbristanlıq var. Hansı ki, orada nə anasının, nə atasının, nə yoldaşının, nə də övladlarının bilmədiyi sirlər basdırılıb. İnsan o sirlərlə bu dünyadan gedir.

- Deməli, sizin də bir qəlb məzarınız var.

- Bəli, o qəbristanlıqdan heç bir sirri hətta əsərlərimdə belə sezə bilməzsiniz. O sirlər ki, yalnız mənimlə gedəcək.
 
- Dünyanı dolaşan bir insan kimi yaddaşınızda ən çox iz qoyan restoran hansıdır?

- Parisdə 3 ulduzlu “Tur de Anjan” restoranı var, orada 2 dəfə olmuşam: adına Serebrennaya başnya” deyirlər. Restoranın 400 illik tarixi var. Orada ördək yeməyindən kim yeyirsə, ona fəxri fərman verirlər. Məndə də həmin fərmandan var. O restorana daxil olandan çıxana kimi azı 10 nəfər səni müşayiət edir. Eyfel qülləsindəki və Monakadakı “Alain Ducasse”restoranında, Parisdəki “Avenyu Monten”də , “Plaza Athenee”də olmuşam. İsveçrədəki “Fred Jerardu” adlı çox məşhur restorandakı yeməklərin dadına baxmışam. Məhz o restorana 3 ay qabaqcadan yazılmaq lazımdır. Bir sözlə, dünyanın 10 məşhur restoranından 8-də olmuşam.
 
- Bəs bu ölkələrdən hansının mətbəxi ürəyinizi ovsunlayıb?

- Qoy, bütün dünya aşpazları məni bağışlasın, ən dadlı yeməyi rəhmətlik anam bişirirdi. Hazırda da mənim üçün iki məşhur aşpaz var: biri Boris - ən dadlı kabab bişirən, biri də Məsmə xanım. Bakıda onun kimi məclis xörəyi hazırlayan yoxdur. Anam bakılı olduğu üçün Bakı yeməklərini çox sevirəm. Mən qurmanam, ağız dadıma güvənirəm. Hərdən deyirəm, 1000 il ömrüm olsaydı, onun 500 ilini şəxsi kitabxanamda, 500 ilini dünyanı gəzməklə keçirərdim. Dadlı yeməklər, restoranlar, ölkələr və gözəl qadınlar... Bundan yaxşı nə ola bilər?
 
- Daha çox Avropada olursuz. Çox adam deyir ki, Avropa ölkələrində olanda ac qalıram. Bəs Siz?

- Mən heç yerdə ac qalmıram. İştaham yaxşıdır, nə yemək oldu yeyirəm. Koreyada it ətinin dadına baxdım. Qurbağa da, ilan əti də yemişəm. İtalyan yeməkləri istisna olmaqla heç bir ölkənin mətbəxi Bakı yeməklərinin dadını verə bilməz. Fransız souslarını da çox xoşlayıram.

- Bakıda qonağınız olanda hansı restorana aparırsız?

- Hazırda Bakıda mənim üçün ən yaxşı restoran “Sumax” restoranıdır. Çox dadlı bişirirlər. Qonaqlarımı arxayınlıqla ora aparıram.

- Masanızda ən çox nə olur?

- Mənim süfrəm göyərtisiz, pendirsiz olmaz. Pendiri az qala hər yeməklə yeyirik. Balığı sevsəm də, daha çox ət yeyirəm. Bəlkə də bu irsidir. Atam, babalarım ət yeyən olub axı... Bircə şirə və şərab sevmirəm. Həyat yoldaşımın ən böyük arzularından biri də məni sərxoş görməkdir. Hələ ki bu, ona qismət olmayıb.
 
- Nəyi heç yemirsiz?

- 20 ildir sarımsaq yemirəm. Rəhmətlik atam çox sevirdi. O deyirdi ki, 14 yaşıma kimi sarımsaq üçün ürəyim gedirdi. Amma sonradan ömrünün sonuna kimi yeməyib. Səbəbini soruşanda dedi: kişiyəm, birdən qadınla öpüşərəm, buna hazır olmalıyam. Ona görə də həmişə öpüşə hazır vəziyyətdə idi... Etiraf edim ki, məndə də bu qorxu var... Birdən işdir... (gülür)