"Ürəyimin sahibi heç kim deyil" - Jalə Əliyeva

"Ürəyimin sahibi heç kim deyil" - Jalə Əliyeva
3458 dəfə oxunub
  • A-
  • A
  • A+

Deputat Jalə Əliyeva müsahibə ilə bağlı təklifimizi məmnuniyyətlə qəbul etdi. Çünki görüşün məqsədi bəri başdan bəlli idi: siyasətdənkənar, çox səmimi bir söhbət olacaqdı. O, bütün suallarımıza o qədər səmimi və dürüst cavab verdi ki... Sonda etiraf da etdi: “elə bil sizi illərdir tanıyıram”...

Axşam.az millət vəkilinin "Formaggio" dərgisinə müsahibəsini təqdim edir:

- Qadın olmaq özü böyük məsuliyyətdir. Xüsusən də bu qadın valideyn, ana olmaqla yanaşı, üstəlik millət vəkilidirsə... Yükünüz nə qədər ağırdır?

- Çiyinlərimin çəkə biləcəyindən artıqdır. Ölçüsünü bilmirəm: kiloqramdır, tondur... Hər halda bilirəm ki, yüküm var.

- Bəs bu yükü çəkə biləcəyinizi nə vaxt hiss etdiniz?

- Mənə elə gəlir ki, hər bir insan bu dünyaya mütləq nəsə bir missiya üçün gəlib. Mən də ağlım kəsəndən özümə həmişə hesabat vermişəm. Bu da məsuliyyət yükümü artırıb. Amma deyim ki, mənim ailəm də elə bir ailə olmayıb ki, boynuma hansısa yük qoysun... Mən ərköyün böyüyə biləcək, bir dediyimin iki olmaması üçün şəraiti olan ailənin tək övladı idim. Əsas sual odur ki, mən bu şəraitdən, imkanlardan sui-istifadə etdimmi? Əsla.

- Eşitdiyimə görə, Jalə xanım çox gözəl bir sevginin bəhrəsidir...

- Bəli, valideynlərim sevib, ailə qurublar. Bir yerdə - Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində işləyiblər. Anam Nurəngiz (Gün) Quliyeva radio diktoru, atam Fazil Əliyevsə musiqi rejissoru idi. Orada başlayıb sevgiləri... Hətta yadımda ikən deyim ki, o vaxtlar qarmon ustası Aftandil İsrafilov rəqs havaları yazmışdı: Kəmalə, Zemfira... O zaman yeni anadan olmuşdum. Aftandil studiyaya daxil olur, işçilərə deyir ki, yeni oyun havası yazmışam, amma adını bilmirəm nə qoyum. Qızlar bir ağızdan deyiblər ki, Nurəngizlə Fazilin qızı olub, adı Jalədir. O da razılıq verib. Kişi kimi qadın ?

- Demək, adınıza oyun havası da var... Yəqin Nurəngiz xanım yeganə övladına şeir də həsr edib...

- (astadan söyləyir)
Kimin gözlərinin almazlarıydı ki,
İşartısı qamaşdırdı dünyanı.
Kimin dodaqlarının təbəssümüydü ki,
Çəhrayısı çaşdırdı dünyanı?
Qızım Jaləmin, nazım Jaləmin...

Mən böyüdükdən sonra o bu şeiri bir qədər də təkmilləşdirdi. Şeir əzbərləyə bilmirəm, təəssüf ki... Amma bir misrası dəqiqliklə yadımdadır: Mən səni gələcəkdə dövlətin “farağat çinovniki” – məmuru deyil də Mən səni dövlətin içində “Adam!” görmək istəyirəm, əvvəlcə! Mələyim...

- Demək, bu şeirlə Nurəngiz xanım qızının gələcək həyat yolunu cızdı...

- Kim nə deyirsə, desin. Ailə, ətraf-mühit, gen insanın böyüməsində mühüm rol oynayır.

- Bu gün mötəbər bir kürsüdəsiniz. Amma sözsüz ki, bu günə gətirən yollar o qədər də hamar və rahat olmayıb...

 - İnkişaf edən insana heç nə qızıl boşqabda verilmir. Bunu təcrübəmə də əsaslanıb deyirəm. Bu, pafos naminə deyilən söz deyil. Hər kəs əzmkarlığının sayəsində irəli gedir. Kimsə kiminsə qələbəsinə, uğuruna paxıllıq edəndə bu, mənim xoşuma gəlmir. Hər kəs öz yerində gözəldir, öz bacarığına görə qiymətləndirilir. Bu gün mənim dayandığım yerdən yuxarıya potensialım yoxdursa, niyə başqa insanlara paxıllıq edim, qəlbimə qara salım?! Sizə uşaqlıq xatirələrimdən danışacağam. Sovet dövründə geyim-keçimdə qıtlıq idi. Valideynlərim xaricə gedəndə mənə çox şeylər gətirirdilər. Elə bir dövr gəlib çatdı ki, Almaniyadan kataloqlar ölkəyə gəlməyə başladı. Mən o zaman yeniyetmə idim, baxırdım, onları istəyirdim, amma əldə etmək mümkün deyildi. İçim-içimi didirdi. Yəni bu hissi yaşamışam: o niyə məndə yoxdur? Bu hiss insanın qəlbinə düşdüsə, onu məhv edir.
- Paxıllıq dediniz... Qadınlara dözmək olar, vay o gündən ki, kişilərin paxıllığı ilə üzləşəsən...

- Hə, bu, çox ağır məsələdir. Amma indiyədək mənə hansısa bir kişinin paxıllıq etdiyini eşitməmişəm.

- “Nə vaxtsa mən qadınlığımla o kişinin etdiyini etmərəm”... dedinizmi?

- Kişi olmaq, kişi qızı olmaq – mənə elə gəlir ki, eyni anlayışdır! Bir nəfər mənə tez-tez “cənab deputat” deyirdi. Axırda soruşdu: “Bu müraciətimdən incimirsiniz ki? Çünki siz kişi kimi qadınsınız!”

- Dediniz ki, insanın tərbiyəsində ailənin, cəmiyyətin rolu böyükdür. Yəqin elə o səbəbdəndir ki, kürsü sizi dəyişmədi...

- Ola bilər... Məncə oturduğu kürsüdən asılı olmayaraq insan olduğu kimi görünməlidi. Mənə dərs keçməyiblər ki, belə ol. Sadəcə qarşımda nümunələr sıralanıb. Yaxşı insanların cəmiyyət, qohumlar tərəfindən necə sevildiyini görmüşəm. Evimiz həmişə qonaq-qaralı olub. Ata nənəm axşamdan 20-25 küftə salardı. Deyirdi ki, özümüz elə o qədərik... Yəni qonağımızı da elə özümüz sanmışıq... Nənəm siyasətdən danışmağı qadağan etmişdi.
 
- Balaca Jalə ailəsinin süfrəsi başında öyrəndiyi hansı siyasəti böyük siyasətə gətirdi?

- Maraqlı sualdır. (gülür) Yaman çox keçmişdən danışırıq... Anamın babası N.Nərimanovun silahdaşı olub, taun xəstəliyini məccani (yəni pulsuz) müalicə edən yeganə həkim imiş. Bəy nəslindən olub. Bir dəfə qışda evə ən çox sevdiyi buxara yaxalıqlı paltosuz qayıdıb. Soruşanda “palton hanı?”, - deyib ki, faytonla keçirdim, gördüm tində biri oturub, titrəyir, əynində də heç nə yox... çıxarıb verdim ona. Mənim hər iki tərəfim repressiya qurbanıdır. Ana tərəfim daha çox əziyyət çəkib... Ata tərəfdən ulu babalarım müəyyən çevrələrlə Mircəfər Bağırovla əlaqələri olduqları üçün onun bir yaxşılığı ondan ibarət olub ki, gecəylə babama xəbər ediblər ki, çıxın evinizdən.... Göyçay Quberniyasının bəylərindən olan ata babam Zərdabda yaşayıb. Nələri varsa, qoyub çıxıblar. Amma ana tərəfimin gedəcək yerləri də olmayıb. Bu baxımdan onlar repressiyadan daha çox əziyyət çəkiblər. Məcburən İrana köçüblər. Bircə nənəm getməyib, çünki o zaman nişanlı imiş. Onlar da ömürlük getmələrinə inanmayıblar; elə biliblər ki, bir müddət sonra qayıdacaqlar... Amma təəssüf ki, nənəmin bütün ömrü doğmalarına həsrətlə keçdi. Nənəm o zamandan evdə siyasət söhbətini qadağan edir: dayılarım, xalalarım, anam - hamısı ziyalı olub, amma siyasətdən uzaq yaşayıblar. Nənəm bir məktəb idi. Təkbaşına 5 uşaq böyütdü. Qayğısı nə qədər çox olsa da, axşamlar mütləq eynəyini taxıb, qəzet oxuyardı... Onda həm qədimlik, həm müasirlik vardı... Deyirdi ki, südümü sizə halal eləmərəm, əgər siyasətlə məşğul olsanız. Mən ilk dəfə namizədliyimi 2000-ci ildə verdim. Doğmalarım, xüsusən də anam bunu qəti istəmirdi. Deyirdilər, sənin siyasətlə nə işin? Amma mən türklər demişkən “kafama takmışdım”. Sadəcə, özümü sınamaq istəyirdim. Bəlkə də bu, həddən artıq millətçi olmağımdan irəli gəlirdi; fikirlərimi, ideyalarımı daha geniş auditoriyaya çatdırmaq istəyirdim.

- Amma səhv etmirəmsə, siz ikinci cəhddə uğur qazandınız? 

- Bəli. 2005-də ildə deputat seçildim. O ki qaldı sizin bayaqki sualınıza... Məncə, təkcə siyasətdə deyil, hansı sahədə olursa-olsun, birinci növbədə ədalət prinsipi gəlməlidir. Mən ailə siyasətimdə bunu gördüm: ədalətli olmaq, kimsənin haqqını yeməmək, başqasını düşünmək. Yəni bir tikə çörəyin varsa, kiminləsə bölüşməlisən.

- Çox vaxt kişilər “qadından yaxşı siyasətçi olmaz”, deyirlər. Bu qısqanclıq nədən irəli gəlir?

- Əslində, sualın cavabının bir hissəsini elə özünüz verdiniz. Dünya yaranandan daima fərdlər arasında mübarizə gedib, gedəcək də... Kişilər güclü cinsdirlər: əzələləri, beyin tutumları... Bu baxımdan onların iddiası da hər zaman yüksək olub. Bəzi kişilər qadınları yalnız mətbəx çərçivəsinə salırlar: qadın ancaq uşaq böyütmək, yemək bişirmək üçündür, vəssalam. Hər bir kişi imkan verməlidir ki, onun qadını yanında dayansın. - Sizcə, kişilər ağıllı qadınları niyə sevmirlər? - Kişilər öyrəşiblər ki, qadınlar həmişə onlardan zəif olsunlar. Görəndə ki, qadınlar elə kişilər qədər işi bacarır, yerinə yetirir, maşın sürür, onlarda istər-istəməz qısqanclıq yaranır. Kişiləri çox qaralamayaq, bəlkə də qıymırlar bizə...

- “Hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır”, deyirlər. Sizcə, hər ağıllı qadının da arxasında bir güclü kişi dayanır?

- Bu fikirdə razı olmadığım məqamlar var... Sualdan qaçmıram... amma qadının arxasında duran güclü kişi məhz onun atasıdır. Ondan gördüklərin, öyrəndiklərin səni formalaşdırır, gücləndirir. Sonrakı dövrlərdə isə yenə də doğma olan insanların gücünü hiss edə bilərsən. Ancaq onlar səni sona qədər dəstəkləyərlər. Qadın ictimai xadimdirsə ailəsində kişinin olması onun yükünü əlbəttə ki, yaribayarı azaldır. Mənim çiynimin yükü olduğundan çoxdursa, deməli, həyatımda elə insan yoxdur!

- Bəlkə o “qapını” döyür, siz açmırsız?

- Yox… olsaydı, hiss edərdim... Dostlarım, məni anlayan insanlar çoxdur, amma ürəyimin sahibi heç kim deyil!

- Gözləməkdən yoruldunuz?

- Yox, gözləməmişəm. O tip insanlardanam ki, məni kiminsə axtarmağını istəyirəm. Ətrafa göz gəzdirib, dost-tanış axtarmamışam. Əgər əvvəllər romantik filmlərə baxıb, qəhrəmanlardan birinin olmağını arzu edirdimsə, bu gün artıq o hiss yoxdur. Bundan sonra heç kimi gözləmirəm.

- “Bundan sonra” nə zamandan başladı? Qızınızı nişanlayandan sonra?

- Yox, ondan qabaq. (gülür) Nə yaxşı izləyirsiniz... O qədər maraq, fəaliyyət, qayğı dairəsi var ki, şəxsi məsələlərə maraq da azalır. Əgər özünə 24 saat ərzində 30 dəqiqə vaxt ayıra bilmirsənsə... Özüm bu həyatı seçmişəm. Özüm bunu istəmişəm, heç vaxt da şikayətlənmirəm.