Şahzadə Harri mayın 6-da atası Kral III Çarlzın tacqoyma mərasiminin ssenarisindən kənarlaşdırılıb.
Axşam.az xəbər verir ki, bu barədə "The Sunday Times" nəşri məlumat yayıb.
Bildirilib ki, ənənəyə görə, mərasim zamanı kral hersoqları diz çökərək monarxa ehtiramlarını bildirməlidirlər. Amma bunu yalnız Britaniya taxtının varisi, şahzadə Uilyam edəcək.
Buna səbəb Harrinin yanvarın 10-da rəsmi olaraq işıq üzü görəcək olan “Spare” (“Ehtiyat”) adlı kitabıdır. Belə ki, kitabda Harrinin böyük qardaşı ilə rəqabəti, atasının çətin təbiəti və həyat yoldaşı Meqan Marklla Keyt Middltonun mübahisələri yer alıb. Məlumatlar arasında kral ailəsinin üzvlərinin II Elizabetin öldüyü gün Meqanı Balmoral qəsrində görmək istəməmələri də var. III Çarlz oğluna bir çox arqumentlər sadalayaraq həyat yoldaşını gətirməməsini xahiş edib, lakin sonradan o, bunun üçün üzr istəyib.
Kral ailəsinə yaxın mənbə nəşrə bildirib ki, Şahzadə Uilyam kitabın nəşrindən qəzəblənib, lakin qardaşından qisas almaq fikrində deyil:
“O, heç vaxt bunu etməz, çünki ləyaqətli və sədaqətlidir. O, ailəsinin və ölkənin rifahı üçün susur".